İtaliya Ukraynadan izahat tələb edir


BAKI, 19 noyabr. TELEQRAF
İtaliya Xarici İşlər Nazirliyi ölkənin Avropa Parlamentindəki deputatlarının Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilməsi ilə bağlı Kiyevdən izahat tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yayımlanıb.
Bildirilib ki, xarici işlər naziri Antonio Tayani İtaliyanın Kiyevdəki səfiri Karlo Formozaya Ukrayna hakimiyyətindən məsələyə aydınlıq gətirilməsini tələb etməyi tapşırıb.
Söhbət “Beş Ulduz Hərəkatı”nı təmsil edən avropalı deputatların “Mirotvorets” saytında dərc olunan “anti-Ukrayna” siyahısına salınmasından gedir.
Nazirlik qeyd edib ki, Tayani vəziyyəti diqqətlə izləyir və söz azadlığı ilə siyasi plüralizmin fundamental demokratik prinsiplər kimi qorunmasının vacibliyini vurğulayır.
Xatırladaq ki, noyabrın 14-də Yunanıstan Kommunist Partiyasından olan Avropa Parlamentinin deputatı Lefteris Nikolau-Alavanos da “Mirotvorets” bazasına daxil edilib.