İsrail Aİ-nin xarici siyasət rəhbəri ilə əlaqələri dayandırıb – Səbəb Fələstindir


İsrail hökuməti Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa əlaqələri dayandırıb. Qərarın avropalı diplomatın İsrailin fələstinlilərə münasibətini sərt tənqid etməsindən sonra verildiyi bildirilir.
Tiraj.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İsrail Kallasla təmasları hələ bu ilin iyun ayından etibarən dayandırıb. İsrailin xarici işlər naziri Gideon Saarın nümayəndəsi bildirib ki, qərar yalnız Kallasa aiddir. Avropa İttifaqının digər rəsmiləri, qurumları və üzv dövlətləri ilə dialoq isə davam etdirilir.
Məlumata əsasən, bu addım Kallasın İsrailin fələstinlilərlə rəftarını kəskin tənqid etməsi barədə xəbərlərin yayılmasından sonra atılıb. Avropalı diplomat nəşrə açıqlamasında yaranmış vəziyyətin problemə çevrildiyini bildirib.
“Politico”nun məlumatına görə, İsraillə əlaqələri hazırda Avropa Komissiyasının Aralıq dənizi üzrə komissarı Dubravka Şuitsa fəal şəkildə davam etdirir. Nəşrin hesablamasına əsasən, o, 2026-cı ilin əvvəlindən İsrailin xarici işlər naziri ilə azı dörd dəfə görüşüb və ya telefonla danışıb.
Avropa İttifaqının nümayəndələri isə Kallasın Yaxın Şərq məsələləri üzrə fəaliyyətindən kənarlaşdırılmadığını və Şuitsa ilə sıx əməkdaşlıq etdiyini bildirirlər.
Nəşr, həmçinin diqqətə çatdırıb ki, Avropa rəhbərliyi Ukrayna müharibəsinin nizamlanması ilə bağlı gələcək danışıqlar üçün formalaşdırılacaq qrupa Kallası daxil etməyib. Bunun əvəzinə Aİ-nin beş ölkəsinin milli təhlükəsizlik üzrə müşavirləri, Avropa Komissiyası və Avropa Şurasının nümayəndələri seçilib.
Arif
Dərc vaxtına görə
