İşçilərin istirahət hüququna yeni zəmanət: Minimum məzuniyyətin pulla əvəz edilməsi qadağan olunur


Azərbaycanda işçilərin əmək məzuniyyəti hüquqlarının daha etibarlı qorunması məqsədilə qanunvericiliyə mühüm dəyişiklik edilir. Artıq işçilər istirahət etmək əvəzinə, minimum məzuniyyət günlərini pul kompensasiyası ilə əvəzləyə bilməyəcəklər.
32gun.az xəbər verir ki, bu yenilik Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişiklik layihəsində nəzərdə tutulub.
Layihəyə əsasən, yalnız əmək müqaviləsinə xitam verilərkən ödənilən kompensasiya (Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi) istisna olmaqla, Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş 21 təqvim günlük minimum əmək məzuniyyətinin kompensasiya ilə əvəz olunması qadağan edilir. Bununla yanaşı, sənəddə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi anlayışına da aydınlıq gətirilir, bu prosesin hansı hallarda mümkün olduğu daha geniş və dəqiq şəkildə müəyyənləşdirilir. Eyni zamanda, bu hüquqla bağlı digər sahəvi qanunlarda da müvafiq uyğunlaşdırma işlərinin aparılması planlaşdırılır.
Parlamentdəki müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul olunub. Bu addım işçilərin sağlamlığının qorunmasına, onların il ərzində mütləq şəkildə istirahət hüququndan yararlanmasına və işəgötürənlər tərəfindən məzuniyyətin məcburi kompensasiya ilə əvəzlənməsi hallarının qarşısının alınmasına xidmət edəcək.
Ayaz
