Azərbaycan və İraq arasında universitetlərarası əlaqələrin genişləndirilməsi, tələbə mübadiləsinin təşviqi və elmi nəşrlərin qarşılıqlı dövriyyəsi akademik əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
APA xəbər verir ki, bunu Bağdad Universitetinin professoru, səfir, Azərbaycan və İraq türkmanları arasında mədəni münasibətlər üzrə Koordinasiya Şurasının sədri Mahmud Xəlil Cəfər “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Professor Azərbaycanla İraq arasında akademik və mədəni əməkdaşlığın bir neçə istiqamətdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi ilə yanaşı, kitabların, elmi əsərlərin və nəşrlərin qarşılıqlı mübadiləsinə də diqqət artırılmalıdır.
Mahmud Xəlil Cəfər qeyd edib ki, bir neçə il əvvəl irəli sürülmüş akademik əməkdaşlıq təşəbbüslərinin davam etdirilməsi, Azərbaycan ali təhsil müəssisələrinin İraqda tanıdılması və tələbə mübadiləsinin genişləndirilməsi vacibdir.
O, bu istiqamətdə əlavə səylərin göstərilməsinin iki ölkə arasında elmi və mədəni əlaqələrə töhfə verəcəyini bildirib.
1 mənbə