İqlim dəyişikliyi üzrə beynəlxalq hesabatın gecikdirilməsi qlobal səylərə təhlükə yarada bilər


Bugun.tv xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) növbəti genişmiqyaslı elmi hesabatının dərcinin gecikdirilməsi beynəlxalq iqlim əməkdaşlığına mənfi təsir göstərə bilər. Dünyanın tanınmış iqlim alimlərindən biri bu cür gecikmənin iqlim böhranına qarşı mübarizəni çətinləşdirəcəyi barədə xəbərdarlıq edib.
“The Guardian” nəşrinin noyabrın 19-da yaydığı məlumata görə, Potsdam İqlim Təsirlərinin Araşdırılması İnstitutunun direktoru Yohann Rokström hesab edir ki, IPCC-nin elmi qiymətləndirmələri hökumətlərin iqlim siyasəti ilə bağlı qərarları üçün əsas mənbələrdən biridir. O, qurumun növbəti hesabatı mümkün qədər tez hazırlamasına şərait yaradılmasının vacibliyini vurğulayıb.
Məlumata əsasən, bəzi ölkələr hesabatın 2028-ci ildə deyil, 2029-cu ildə dərc olunmasını istəyirlər. Rusiya, Hindistan və ərəb ölkələri qrupu elmi araşdırmalarda inkişaf etməkdə olan ölkələrin iştirak imkanlarının və təmsilçiliyinin genişləndirilməsini tələb edir. Onların fikrincə, mövcud qiymətləndirmələrdə inkişaf etmiş ölkələrin yanaşmaları üstünlük təşkil edir.
IPCC-nin açıqlamasına görə, növbəti hesabatın hazırlanmasında iştirak edən 664 müəllifin 51 faizi inkişaf etməkdə olan ölkələrdən və iqtisadi keçid mərhələsində olan dövlətlərdəndir.
Hesabatın vaxtında hazırlanması 2028-ci ildə keçiriləcək qlobal iqlim qiymətləndirməsi üçün xüsusi əhəmiyyət daşıyır.