İordan çayının qərb sahilində gərginlik: evlər və avtomobillər yandırıldı


Dünya22 noyabr 2026, 19:0122.11.2026 19:01
İsrailli işğalçılar İordan çayının qərb sahilinin Ramallah şəhəri yaxınlığındakı iki kəndə hücum edərək fələstinlilərə məxsus ev və avtomobilləri yandırıblar.
Çağdaş.Az-ın Fələstin KİV-lərinə istinadən məlumatına görə, hücumlar Ramallahın şimal-şərqində yerləşən Kəfr Malik və qərbindəki Deyr əs-Sudan kəndlərində baş verib. Məskunlaşanlar kəndlərə basqın edərək fələstinlilərə məxsus əmlakı hədəfə alıblar.
Məlumata əsasən, Kəfr Malik kəndində bir neçə avtomobil yandırılıb, bəzi evlərin divarlarına isə fələstinlilərə qarşı təhqiredici şüarlar yazılıb.
Deyr əs-Sudan kəndində də fələstinlilərə məxsus evlər və avtomobillər yandırılıb.
Hadisə nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrında Qəzza zolağına hərbi əməliyyatlara başlamasından sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə də fələstinlilərə qarşı reydlərin, həbslərin və hücumların sayı artıb.
Fələstin mənbələrinin məlumatına görə, 2023-cü ilin oktyabrından indiyədək İsrail ordusu və israilli məskunlaşanların hücumları nəticəsində İordan çayının qərb sahili və Şərqi Qüdsdə 1220-dən çox fələstinli həlak olub, 13 746 nəfər yaralanıb, 26 mindən çox şəxs isə saxlanılıb.
1 mənbə