Pıtraq yarpaqlarından prebiyotik xüsusiyyətli içki hazırlandı


Rusiyanın Perm Politexnik Universitetinin alimləri adi pıtraq bitkisinin yarpaqlarından prebiyotik potensiala malik yeni məhsul əldə ediblər. Tədqiqatçılar kənd təsərrüfatında çox vaxt alaq otu hesab edilən bu bitkinin yarpaqlarını xüsusi texnologiya ilə emal edərək faydalı maddələrlə zəngin içki hazırlayıblar.
Bugun.tv xəbər verir ki, bu barədə “Наука Mail” məlumat yayıb.
Alimlərin hazırladığı texnologiya qurudulmuş pıtraq yarpaqlarının ultrasəs vasitəsilə emalını və daha sonra Lactobacillus plantarum 8P-A3 süd turşusu bakteriyalarının köməyi ilə fermentasiyasını nəzərdə tutur. Nəticədə hazır məhsulda faydalı maddələrin 90 faizdən çoxunu qorumaq mümkün olub.
Məhsul filtr paketlərində təqdim ediləcək
Tədqiqatçıların məlumatına görə, hazır toz filtr paketlərinə yerləşdirilir və çay kimi dəmlənə bilir. İçkidə suda həll olan maddələr, bitki lifləri, süd və sirkə turşuları mövcuddur. Bir paket 15 dəqiqə dəmləndikdə polisaxaridlərin və digər həll olan komponentlərin 90 faizdən çoxu suya keçir.
Alimlər bildirirlər ki, yeni məhsul bağırsaq sağlamlığını dəstəkləmək potensialına malikdir. Bununla belə, onun insan orqanizminə konkret təsirlərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmalıdır.
Araşdırmanın nəticələri “Butlerov xəbərləri” elmi jurnalında dərc olunub.
