ABŞ blokadasını yarmaq üçün İranın gizli planı: Müharibə yenidən alovlana bilər


İran ABŞ-ın rəhbərlik etdiyi dəniz blokadasını yarmaq üçün təxribat xarakterli əməliyyat hazırlayır. Tehran bu addımla həm neft ixracını bərpa etməyə, həm də Vaşinqtona təzyiq göstərməyə çalışır.
Moderator.az "Ynet" nəşrinə istinadla xəbər verir ki, İran tədricən Hörmüz boğazından keçən gəmiçilik üzərində nəzarəti itirir. Bu boğaz isə Tehranın ABŞ-a və qlobal enerji bazarına qarşı əsas təzyiq vasitələrindən biri hesab olunur.
İranın çətin vəziyyətdə olduğu Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzainin son açıqlamalarında da öz əksini tapıb. O bildirib ki, Ali Rəhbər Müctəba Xameneidən ölkədəki "nə sülh, nə də müharibə" vəziyyətinə mümkün qədər tez son qoymaq barədə göstəriş alıb. Xarici işlər naziri Abbas Əraqçi də Tehranın blokadanı yarmaq niyyətini təsdiqləyib.
Məlumata görə, İranın planı iki mərhələdən ibarətdir. İlk mərhələdə Tehran Çinə neft tankerlərindən ibarət karvan göndərməklə blokadanı yarmağa çalışacaq. ABŞ Hərbi Dəniz Qüvvələrinin buna mane olması halında isə İran qonşu ölkələrin neft və qaz infrastrukturuna zərbələr endirməklə hədələyir.
Tehran bu yolla Körfəz ölkələrini Vaşinqtona təzyiq göstərməyə məcbur etmək, eyni zamanda qlobal enerji qiymətlərini kəskin artırmaq istəyir. İran rəhbərliyinin hesablamalarına görə, belə bir ssenari ABŞ prezidenti Donald Trampı danışıqlara daha zəif mövqedən başlamağa vadar edə bilər.
İranın qarşısında üç əsas məqsəd dayanır: neft ixracını bərpa edərək milyardlarla dollar gəlir əldə etmək, blokadanı regional böhrana çevirmək və ABŞ-ı çətin qərar qarşısında qoymaq.
Kpler şirkətinin qiymətləndirməsinə görə, İranın neft və qaz kondensatı ixracından əldə etdiyi gəlir dekabrın ortalarına qədər sıfıra enə bilər. Tankerlərin maneəsiz keçidi isə Tehrana milyardlarla dollar qazandırmaq imkanı verə bilər.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) tanker karvanını dayandırmaq üçün bir neçə variantı var. Vaşinqton gəmilərə hücum edə, onları zədələyə və ya yandıra bilər. Lakin belə addımlar ekoloji fəlakətə, enerji qiymətlərinin artmasına və İranın ərəb ölkələrinin enerji infrastrukturuna qarşı cavab hücumlarına səbəb ola bilər.
Digər variant isə ABŞ dəniz piyadalarının helikopterlər və hücum katerləri vasitəsilə tankerləri ələ keçirməsidir. Ancaq gəmilərdə İslam İnqilabı Keşikçiləri Korpusunun silahlı döyüşçülərinin olması belə əməliyyatları xeyli çətinləşdirə bilər. Ynet yazır ki, İsrail xüsusi təyinatlı qüvvələri 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisini ələ keçirərkən oxşar çətinliklərlə üzləşmişdi.
Beləliklə, Tehran Vaşinqtonu çətin seçim qarşısında qoymağa çalışır: tankerlərin qarşısını almaq hərbi eskalasiya riskini artırır, onların keçidinə icazə vermək isə blokadanın effektivliyini və ABŞ-ın mövqeyini zəiflədə bilər.
