İnsanlara şəfa bəxş edən ömür yolu – Tahirəli Pişanov


İnsanların sağlamlığının keşiyində dayanmaq, onların ağrı-acısını azaltmaq və həyatına ümid bəxş etmək hər kəsə nəsib olmayan müqəddəs bir peşənin əsas missiyasıdır. Bu şərəfli missiyaya ömrünün böyük hissəsini həsr edən, peşəkarlığı, insanlara qayğıkeş münasibəti və zəngin təcrübəsi ilə yaddaşlarda yaşayan tanınmış həkim-nevropatoloq Tahirəli Pişanov da belə ziyalı və fədakar insanlardan biri olmuşdur.
Cənub Media xəbər verir ki, Tahirəli Pişanov 1947-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almış, yeddinci sinfə qədər Züvüç kənd məktəbində oxumuşdur. Daha sonra təhsilini Şingədəlan kənd orta məktəbində davam etdirərək onuncu sinfi başa vurmuşdur. Orta təhsilinin sonuncu ilini isə qonşu Yardımlı rayonunda yerləşən M.F.Axundov adına 1 nömrəli orta məktəbdə davam etdirmiş və təhsil ocağını əla qiymətlərlə bitirmişdir.
Hələ məktəb illərindən elmə, xüsusilə tibb sahəsinə böyük maraq göstərən Tahirəli Pişanov 1964–1965-ci tədris ilində N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə qəbul olunmuşdur. Onun həkimlik peşəsinə marağı təsadüfi xarakter daşımırdı. Belə ki, gələcək həyatını insanların sağlamlığının qorunmasına həsr etmək arzusu hələ yeddinci sinifdə oxuduğu illərdən formalaşmışdı.
Bu seçimin arxasında ailəsindən gələn mənəvi ənənələr də dayanırdı. Onun ulu babası və babası yaşadıqları bölgədə xalq təbabətinin biliciləri, türkəçarə üsulları ilə müalicə aparan mahir təbiblər və cərrahlar kimi tanınmışlar. Peşəkar tibbi xidmətin və dərman vasitələrinin məhdud olduğu dövrlərdə onlar öz bilik və təcrübələri ilə bir çox insana şəfa tapmaqda kömək etmişlər. İnsanlara yardım etmək, onların ağrı-acısını azaltmaq və sağlamlıqlarını qorumaq ənənəsi beləliklə, Pişanovlar ailəsində nəsildən-nəslə ötürülən mənəvi dəyərə çevrilmişdir.
1971-ci ildə Azərbaycan Tibb İnstitutunu müvəffəqiyyətlə bitirən Tahirəli Pişanov təyinat əsasında Lənkəran rayonuna göndərilmiş və əmək fəaliyyətinə Lənkəran Uşaq Poliklinikasında sahə həkimi kimi başlamışdır. İlk iş illərindən etibarən xəstələrə diqqətli münasibəti, məsuliyyətli yanaşması və peşəkar keyfiyyətləri ilə seçilmişdir.
Tibbi biliklərini daim artırmağa, öz üzərində işləməyə xüsusi önəm verən gənc həkim 1976-cı ildə ixtisasartırma kursunu başa vurduqdan sonra fəaliyyətini nevropatoloq kimi davam etdirmişdir. Nevrologiya sahəsində qazandığı biliklər, zəngin praktiki təcrübəsi, xəstəliklərin diaqnostika və müalicəsində fərdi yanaşması onun qısa müddətdə bölgənin tanınmış və etimad göstərilən həkimlərindən birinə çevrilməsinə şərait yaratmışdır.
Tahirəli Pişanovun peşəkarlığı və xəstələrə səmimi münasibəti nəticəsində ona müraciət edən insanların sayı və coğrafiyası getdikcə genişlənmişdir. Lənkəran sakinləri ilə yanaşı, Lerik, Yardımlı, Astara, Masallı və Cəlilabad rayonlarından olan çoxsaylı insanlar da müayinə və müalicə üçün məhz onun yanına üz tutmuşlar. O, hər bir xəstəyə diqqətlə yanaşmağı, onların şikayətlərini dinləməyi və müalicə prosesində məsuliyyətli olmağı həkimlik fəaliyyətinin əsas prinsiplərindən hesab edirdi.
Onun xidmətləri yalnız xəstələrin müayinə və müalicəsi ilə məhdudlaşmamışdır. Tahirəli Pişanov bölgədə nevroloji xidmətin təşkili və inkişafına da mühüm töhfələr vermişdir. Xüsusilə Lənkəran Mərkəzi Xəstəxanasında nevrologiya şöbəsinin yaradılması təşəbbüsünün irəli sürülməsində və şöbənin təşkilində yaxından iştirak etməsi onun səhiyyə sahəsindəki fəaliyyətinin əhəmiyyətli səhifələrindən biridir. Bu təşəbbüs bölgə əhalisinin ixtisaslaşmış nevroloji tibbi xidmətə çıxış imkanlarının genişlənməsində mühüm rol oynamışdır.
Uzunillik səmərəli fəaliyyəti, tibb sahəsində göstərdiyi xidmətlər və peşəkar nailiyyətləri müxtəlif dövrlərdə yüksək qiymətləndirilmişdir. Tahirəli Pişanov dəfələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti və rayonun mərkəzi səhiyyə müəssisəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. 1984-cü ildə “SSRİ Tibb əlaçısı” adına layiq görülməsi isə onun peşəkarlığına və tibb sahəsindəki xidmətlərinə verilən yüksək qiymətin bariz nümunəsi olmuşdur.
Lakin onun üçün ən böyük mükafat insanların qəlbində qazandığı hörmət, etimad və məhəbbət idi. Həkim kimi nüfuzu təkcə Lənkəran bölgəsi ilə məhdudlaşmır, paytaxtın tibb ictimaiyyətində də tanınırdı. Xatirələrdə qeyd olunduğu kimi, müayinə və müalicə üçün Bakıya üz tutan bəzi xəstələrə paytaxt həkimləri yaşadıqları bölgədə Tahirəli Pişanov kimi təcrübəli mütəxəssisin fəaliyyət göstərdiyini bildirərək ona müraciət etməyi tövsiyə edirdilər. Bu fakt onun həmkarları arasında qazandığı peşəkar nüfuzun, xəstələrə göstərdiyi xidmətin və illərlə formalaşmış etimadın göstəricisi idi.
Tahirəli Pişanovun həyatında ailə dəyərləri, övladlarının təhsili və mənəvi tərbiyəsi də xüsusi yer tutmuşdur. Həyat yoldaşı Solmaz Pişanova da uzun illər səhiyyə sahəsində çalışmış, 17 nömrəli uşaq bağçasında baş tibb bacısı vəzifəsində fəaliyyət göstərərək uşaqların sağlamlığının qorunmasına öz töhfəsini vermişdir. Beləliklə, insan sağlamlığına xidmət etmək və cəmiyyət qarşısında məsuliyyət daşımaq prinsipləri Pişanovlar ailəsinin həyat tərzinin ayrılmaz hissəsinə çevrilmişdir.
Tahirəli və Solmaz Pişanovlar bir qız və iki oğul olmaqla üç övlad böyüdüb tərbiyə etmişlər. Onlar övladlarının savadlı, vətənə və cəmiyyətə faydalı insanlar kimi yetişməsinə xüsusi diqqət göstərmişlər.
Tahirəli Pişanov 3 aprel 2017-ci ildə dünyasını dəyişmişdir. Onun vəfatı ailəsi, yaxınları, dostları və illərlə şəfa verdiyi çoxsaylı xəstələri üçün ağır itki olmuşdur.
Bu gün onun həyat və fəaliyyət yoluna nəzər saldıqda bir daha aydın olur ki, insanın əsl dəyəri tutduğu vəzifə ilə deyil, cəmiyyətə bəxş etdiyi fayda, göstərdiyi xidmət və insanların yaddaşında qoyduğu izlə ölçülür. Tahirəli Pişanov da uzun illər ərzində qazandığı peşəkar nüfuzu, insanlara göstərdiyi qayğı və səhiyyə sahəsinə verdiyi töhfələrlə xatirələrdə yaşayır.
O, həkimlik sənətini sadəcə peşə deyil, insanlara xidmət missiyası kimi qəbul edən, ömrünü insanların sağlamlığına həsr edən ziyalılardan biri kimi yadda qalmışdır.
Səadət Abdullayeva Lənkəran Tarix-diyarşünaslıq muzeyinin elmi işçisi
Cənub Media, Lənkəran
Views: 156
Post navigation