İNDİ 5 QƏPİKDƏN ÖTRÜ ÖZÜMÜ CIRIM? - Aqil ABBAS yazır


Bu, məşhur hadisədi. Xan əmi ilə İldırım Həsənov Qarabağda bir toy aparırmışlar. Xan əmi oxuyanda başına 25-liklər tökürmüşlər, Sovet hökuməti vaxtı da 25-lik 25-lik idi ey. İndiki yüzlükdən iki dəfə hörmətli idi. İldırım Həsənov da oxuyanda 5-lik verirmişlər.
Xan əmi qayıdır ki:
- İldırım, görürsən də qiymətimizi, mənə iyirmi beşlik verirlər, sənə beşlik.
İndiki nəsil İldırım Həsənovu tanımaz, o da çox ustad muğam oxuyan idi, amma danışanda kəkoluyurdu. Bu da qəribə məsələdir ki, oxuyanda kəkolamırlar. İldırım Həsənovun kəkolamaqla bağlı bir neçə lətifəsi var, zaman gəldikcə yazaram.
İldırım Həsənov:
- Xaan əəmi, biir kiişiinin iiki tooyuğu varmış. Biirinin yuyumurtası baazarda on qəəpiyə geedirmiş, oo bibirisininki bebeş qəəpiyə. Ooon qəəpiyə yuyumurtlayan səənin kiimi əəədayla bebeş qəəpiyə yuyumurtlaayana dedeyir. Heheç ev saahibindən uutanırsan məənim yuyumurtam oon qəəpik, səəninki bebeş qəəpik.
Oo biri tooyuq dedeyir:
- İindi səən nə iistəəyirsən, dedeyirsən bebeş qəəpikdən öötrü bübüzdüyümü cıcırım?
İndi çox yumurtlayan toyuqlarla az yumurtlayan toyuqların arasında qırğın düşəcək.
Rey Kərimoğlu demiş:
- Bunu da elə-belə yazdım...