“200 minlik maşın” iddiasına deputatdan cavab


19.11.2026
17:20
Milli Məclisin deputatı Fazil Mustafa barəsində səsləndirilən bahalı avtomobil və villa iddialarına sərt münasibət bildirib.
ERAmedia-nın məlumatına görə, Fazil Mustafa sosial şəbəkə hesabında yayımladığı açıqlamada ona qarşı səsləndirilən ittihamların həqiqəti əks etdirmədiyini deyib.
Deputat bildirib ki, onun 200 minlik avtomobil sürdüyü barədə iddialar əsassızdır. Onun sözlərinə görə, hazırda istifadə etdiyi avtomobili 10 il əvvəl, beş il işlənmiş vəziyyətdə alıb və həmin avtomobil üç il əvvəl silahlı hücuma məruz qaldıqdan sonra da təmir etdirərək istifadə etməyə davam edib.
Fazil Mustafa qeyd edib ki, avtomobilin dəyəri iddialarda göstərilən məbləğdən 10 dəfə ucuzdur və yeni avtomobil almaq niyyətində deyil. O əlavə edib ki, Milli Məclisin komitə sədri kimi istifadəsinə verilən xidməti avtomobil şəxsi vəsaiti hesabına alınmayıb, dövlətə məxsus əmlakdır.
Deputat yaşadığı evin villa kimi təqdim edilməsinə də münasibət bildirib. Onun sözlərinə görə, üç sot həyəti olan ikimərtəbəli evin bir mərtəbəsi təxminən 20 min kitabdan ibarət şəxsi kitabxanadır. Fazil Mustafa bildirib ki, Azərbaycanın bir çox tanınmış şəxsləri bu kitabxananı ziyarət edib və oradakı kitablarla maraqlanıblar.
O vurğulayıb ki, əgər ona qarşı ittihamlar kitabxanasındakı kitabların haradan əldə edilməsi ilə bağlı səsləndirilsəydi, bu, daha məntiqli sual olardı. Deputat aylıq maaşının bir hissəsini yeni kitabların alınmasına sərf etdiyini də diqqətə çatdırıb.
Fazil Mustafa ona qarşı səsləndirilən ittihamları qaragüruhçuluq və qarayaxma kimi qiymətləndirərək bildirib ki, belə yanaşmalarla mübarizədə ən böyük vasitə sağlam düşüncə və bilikdir.
Deputat, həmçinin yeni kitabının yaxın günlərdə işıq üzü görəcəyini açıqlayıb. Onun sözlərinə görə, kitab cəhalətə, xurafata, nadanlığa və qaragüruhçuluğa qarşı mübarizəyə həsr olunub.
“Bütün qarayaxmalara, böhtanlara qarşı dirənişin ən dəyərli neməti yenə də KİTABdır”, – deyə Fazil Mustafa vurğulayıb.
Vüsalə
