Həyatınızda rahatlıq və huzur tapa bilmirsinizsə, çarpayınızın altını yoxlayın


Evdə əşyaları saxlamaq üçün ən çox istifadə olunan yerlərdən biri də çarpayının altıdır. Bir çox insan istifadə etmədiyi əşyaları, köhnə paltarları və müxtəlif xırda əşyaları burada saxlayır. Lakin Feng Shui fəlsəfəsinə görə, çarpayının altında saxlanılan bəzi əşyalar insanın əhvalına, yuxusuna və özünü rahat hiss etməsinə mənfi təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, mütəxəssislər xüsusilə üç növ əşyanın çarpayının altında saxlanılmasını tövsiyə etmirlər.
Keçmiş münasibətlərə aid məktublar, fotoşəkillər və digər xatirə əşyalarının çarpayının altında saxlanılması tövsiyə edilmir. Feng Shui yanaşmasına görə, bu əşyalar insanı keçmişə bağlı saxlaya və emosional narahatlıq yarada bilər.
Uzun müddətdir istifadə edilməyən, xarab olmuş və unudulmuş əşyalar da çarpayının altında saxlanılmamalıdır. Feng Shui fəlsəfəsində bu cür əşyaların durğunluğu və hərəkətsizliyi təmsil etdiyinə inanılır. Bundan başqa, orada toplanan toz və çirk də yataq otağının təmizliyinə mənfi təsir göstərə bilər.
Mütəxəssislər ayaqqabıların da çarpayının altında saxlanılmasını məsləhət görmürlər. Bunun səbəblərindən biri ayaqqabıların küçədən gətirdiyi toz və çirkin yataq otağına yayılmasıdır. Feng Shui inancına görə isə ayaqqabılar kənar dünyanın narahat enerjisini evə daşıyır.
Mütəxəssislər ideal variantın çarpayının altını tamamilə boş saxlamaq olduğunu bildirirlər. Lakin kiçik evlərdə bu həmişə mümkün olmaya bilər. Belə hallarda ehtiyat yataq dəstləri, yorğanlar, dəsmallar və mövsümi geyimlər saxlamaq mümkündür.
Bu əşyaların tozdan qorunması və səliqəli şəkildə yerləşdirilməsi də vacib hesab olunur.
Qeyd edək ki, Feng Shui yanaşmasında bu tövsiyələr enerji və məkan fəlsəfəsinə əsaslanır, onların insanın əhvalına və münasibətlərinə birbaşa təsiri elmi cəhətdən sübut edilməyib.
1 mənbə