Hesablama Palatası: DSMF investisiya gəlirləri əldə edir, amma büdcə layihəsində göstərilmir


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) investisiya fəaliyyətindən əldə etdiyi gəlirlər və bu istiqamətdəki xərclər Fondun 2027-ci il büdcə layihəsində əks olunmayıb.
Tiraj.az xəbər verir ki, bu barədə Hesablama Palatasının DSMF-nin 2027-ci il büdcə layihəsinə rəyində bildirilib.
Rəydə qeyd olunub ki, Fond 2023-cü ilin ikinci yarısından etibarən sərbəst vəsaitlərini investisiyaya yönəldir və bu fəaliyyətdən gəlir əldə edir. Lakin mövcud qanunvericilikdə investisiya əməliyyatlarının Fondun büdcəsində əks etdirilməsi mexanizmi müəyyənləşdirilməyib.
Hesablama Palatasının məlumatına görə, 2026-cı ilin ilk yarısında Fondun investisiya gəlirləri hesabına 56,65 milyon manat vəsait ayrılıb.
Palata hesab edir ki, investisiya gəlirlərinin və həmin gəlirlər hesabına maliyyələşdirilən xərclərin Fondun büdcəsinə daxil edilməsi dövlət maliyyəsinin idarə olunmasında şəffaflığı artırar və icmal büdcə göstəricilərində təhriflərin qarşısını alar.
Bununla əlaqədar investisiya gəlirlərinin müəyyən hissəsinin sığorta ehtiyatına yönəldilməsi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi tövsiyə olunub.
1 mənbə
