Heqsetin memorandumu ABŞ-Kanada müdafiə əlaqələrini məhdudlaşdırır


ABŞ müharibə naziri Pit Heqset məxfi memorandumla ABŞ ordusunun Kanada ilə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ müharibə naziri Pit Heqset ötən həftə yayılmış məxfi memorandumda ABŞ ordusunun Kanada ilə necə əməkdaşlıq etməsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirib. Bu barədə göstərişlə tanış olan rəsmilər cümə günü yayımlanan məlumatda bildiriblər.
Memorandum ictimaiyyətə açıqlanmayıb. Onun haqqında ilk məlumat yayan qəzet də sənədin özünü görmədiyini bildirib. Yeni məhdudiyyətlərin hansı sahələri əhatə edəcəyi və iki ölkənin orduları arasında gündəlik əlaqələri nə dərəcədə azaldacağı hələlik aydın deyil. ABŞ rəsmilərindən biri qəzetə açıqlamasında bu addımın Ottavada “üzə vurulan şillə” kimi qəbul ediləcəyini bildirib.
ABŞ Müharibə Nazirliyi dəyişikliyi inkar etməyib. Nazirliyin baş sözçüsü Şon Parnell qurumun Kanada ilə əlaqələrinin “ABŞ-nin konkret müdafiə məqsədlərinə xidmət etməsini” təmin etdiyini bildirib. O, hər iki ölkənin ərazisinin və bütövlükdə yarımkürənin müdafiəsini gücləndirən, eyni zamanda Kanadanın NATO qarşısındakı öhdəliklərini yerinə yetirməsinə kömək edən əməkdaşlığa üstünlük verildiyini qeyd edib.
Parnell ən yaxın əməkdaşlıq sahələrinin yeni məhdudiyyətlərdən təsirlənməyəcəyini bildirib. Onun sözlərinə görə, kəşfiyyat məlumatlarının paylaşılması, NATO çərçivəsində əməkdaşlıq və hər iki ölkənin hava məkanını Kolorado ştatındakı qərargahından izləyən Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) fəaliyyəti dəyişməyəcək.
Memorandum iki ölkə arasında bir il ərzində yaranmış gərginliyin növbəti mərhələsi hesab olunur. May ayında Pentaqon İkinci Dünya müharibəsindən bəri fəaliyyət göstərən ABŞ-Kanada Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırıb. Pentaqonun yüksək vəzifəli siyasət rəsmisi Elbric Kolbi həmin vaxt Kanadanın müdafiə öhdəlikləri üzrə inandırıcı irəliləyiş əldə etmədiyini bildirib.
Vaşinqton Ottavaya ən çox müdafiə xərcləri ilə bağlı təzyiq göstərib. Kanada müdafiə naziri Devid Makginti 2025-ci ilin sentyabrında Pentaqona səfər edərkən Heqset Kanadanı 2035-ci ilədək müdafiə xərclərini ümumi daxili məhsulun 5 faizinə çatdırmaq vədinə əməl etməyə çağırıb. Kanada isə mart ayında NATO-nun əvvəlki 2 faizlik hədəfinə çatdığını açıqlayıb.
İki ölkə ticarət məsələlərində və ABŞ prezidenti Donald Trampın Kanadanı dəfələrlə ABŞ-nin 51-ci ştatına çevirmək barədə fikirlərində də fikir ayrılığı yaşayır. Baş nazir Mark Karni 2025-ci ilin mayında Oval kabinetdə Trampla görüşü zamanı Kanadanın “satılıq olmadığını” bildirib.
Silah tədarükü də bu münasibətlərin mühüm hissəsidir. Ottava 16 ədəd F-35 qırıcısının alınması üçün maliyyə ayırıb. İlk iki CF-35A təyyarəsi ötən ay Arizonaya pilot hazırlığı üçün çatdırılıb. Ümumilikdə 88 təyyarənin alınması ilə bağlı hökumət araşdırması davam edir. Karni İsveçin “Gripen E” qırıcılarının da daxil ola biləcəyi qarışıq donanma variantını gündəmə gətirib.
Tramp cümə günü Ağ Evdə çıxışı zamanı Karnini “çox yaxşı insan” adlandırsa da, Kanadanın onun bəyəndiyi ticarət sazişinə razılıq vermədiyini bildirib. “Nədənsə özlərini cəsarətli hiss edirlər”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva Ordu.az
