Regiona nəzarət edirik - İran generalı


İran Silahlı Qüvvələri əvvəlkindən daha güclüdür və ölkəyə qarşı hər hansı yeni təcavüzə dərhal və qətiyyətlə cavab verəcək.
Modern.az IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki
Əkrəminiya bu açıqlamanı İranın cənubunda ordu komandirləri ilə keçirilən görüşdə verib. O, bildirib ki, ölkənin Silahlı Qüvvələri Hörmüz boğazının şərqindən qərbinədək dənizdə baş verən prosesləri yaxından izləyir.
Onun sözlərinə görə, İran Silahlı Qüvvələri əməliyyat hazırlığını, dəniz hərəkətliliyini izləmək və regionun sularına nəzarəti təmin etmək imkanlarını nümayiş etdirib.
Əkrəminiya əlavə edib ki, İran Hərbi Dəniz Qüvvələri regionu gecə-gündüz nəzarətdə saxlayır. Strateji nəzarət Hörmüz boğazının şərq hissəsindən Hind okeanına qədər uzanır.
Hərbçilərə müraciət edən ordu sözçüsü onların “özünü dünyanın aparıcı hərbi gücü hesab edən düşmənə” qarşı müqavimətini yüksək qiymətləndirib. O bildirib ki, hərbçilərin əməliyyat mövqelərindəki fəaliyyəti düşmənin qarşıya qoyduğu məqsədlərə çatmasına mane olub.
Ordu sözçüsünün iddiasına görə, ABŞ İrana qarşı başladılan müharibə vasitəsilə bir sıra məqsədlərə nail olmağa çalışıb. Bu məqsədlərə ölkənin nüvə və raket imkanlarının zəiflədilməsi, müqavimət cəbhəsinin məhv edilməsi, siyasi quruluşun dəyişdirilməsi, ərazi bütövlüyünün pozulması, eləcə də milli kimlik və sivilizasiyanın sarsıdılması daxil olub.
Əkrəminiya bildirib ki, ölkəyə müəyyən ziyan dəysə də, düşmən strateji məqsədlərinə nail ola bilməyib və İran qalib çıxıb.
O qeyd edib ki, Vaşinqtonun yeganə yolu İranın qanuni və məntiqli şərtlərini qəbul etməkdir. Onun sözlərinə görə, təcavüz və düşmənçilik xarakterli addımlar ABŞ-a Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməyə imkan verməyəcək.
Əkrəminiya İranın düşmənlərinə xəbərdarlıq edərək bildirib ki, onlar istədikləri vaxt müharibəyə başlaya və öz istədikləri vaxt onu başa çatdıra biləcəklərini düşünməməlidirlər.
