HAVELSAN HÜRKUŞ təyyarəsinin tapşırıq planlaşdırma proqram təminatının qəbul prosesini tamamlayıb


HAVELSAN “Türkiyə Aerokosmik Sənayesi” (TUSAŞ) tərəfindən hazırlanan HÜRKUŞ təlim və yüngül hücum təyyarəsi üçün işlənib hazırlanmış Tapşırıq Planlaşdırma Proqram Təminatının qəbul prosesini uğurla başa çatdırıb.
Ordu.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesində milli hava platformalarının proqram təminatı infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam edir.
HAVELSAN HÜRKUŞ layihəsi çərçivəsində hazırladığı Tapşırıq Planlaşdırma Proqram Təminatının qəbul proseslərinin tamamlandığını açıqlayıb.
Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığının inventarında uzun illərdir istifadə edilən HAVELSAN-ın Filo Səviyyəli Tapşırıq Planlaşdırma (FSGP) Sistemi HÜRKUŞ platformasının ehtiyaclarına uyğun şəkildə inteqrasiya edilir.
HAVELSAN tərəfindən hazırlanan proqram təminatı pilotlara uçuşdan əvvəl tələb olunan tapşırıq planlaşdırma proseslərini vahid infrastruktur üzərindən həyata keçirməyə imkan verir.
Sistem marşrutun optimallaşdırılması, yanacaq sərfiyyatının təhlili, hava şəraiti məlumatlarının qiymətləndirilməsi və fövqəladə vəziyyət ssenarilərinin planlaşdırılması kimi mühüm funksiyaları yerinə yetirir.
Bu imkanlar sayəsində uçuş hazırlığı zamanı vaxta qənaət edilməsi, pilotların və hava hərəkətini idarə edən dispetçerlərin qərar qəbul etmə proseslərinin sürətləndirilməsi hədəflənir.
Proqram təminatının xüsusilə təlim uçuşlarında tapşırıqların planlaşdırılması proseslərinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcəyi gözlənilir.
HÜRKUŞ təyyarəsinə inteqrasiya edilən tapşırıq planlaşdırma infrastrukturu döyüş təyyarələrindən fərqli olaraq, təlim platformalarının ehtiyaclarına uyğunlaşdırılmış xüsusiyyətlərə malikdir.
Bu çərçivədə hazırlanan uçuşdan sonrakı qiymətləndirmə imkanları həyata keçirilən uçuşların təhlil edilməsinə və pilotların təlim proseslərinin dəstəklənməsinə şərait yaradır.
Sistem uçuşdan əvvəl planlaşdırma və tapşırıqdan sonrakı qiymətləndirmə proseslərinin bir-birini tamamlayacaq şəkildə həyata keçirilməsini təmin edir.
HAVELSAN-ın Tapşırıq Planlaşdırma Proqram Təminatı Hərbi Hava Qüvvələrinin İnformasiya Sistemi (HvBS) ilə tam inteqrasiya olunmuş şəkildə işləyə biləcək formada hazırlanıb.
Bu inteqrasiya sayəsində hava tapşırıqları üzrə əmrlər, hava məkanı məlumatları və meteoroloji göstəricilər tapşırıq planlaşdırılması prosesində istifadə edilə bilir.
Proqram təminatı şəbəkə bağlantısından asılı olmadan işləmək imkanına da malikdir. Beləliklə, şəbəkəyə çıxış olmayan şəraitdə də sistem vasitəsilə tapşırıqların planlaşdırılması fəaliyyətini dəstəkləmək mümkündür.
HAVELSAN-ın HÜRKUŞ üçün hazırladığı proqram təminatının qəbul prosesinin tamamlanması ilə milli təlim təyyarələrinin tapşırıq planlaşdırılması və pilot hazırlığı infrastrukturlarında mühüm mərhələyə çatılıb.
Sevinc Əliyeva Ordu.az