Ən gənc əhalisi olan ölkələrin REYTİNQİ - Azərbaycan neçənci yerdədir?


Ekspertlərin fikrincə, dünyanın ən böyük iqtisadiyyatlarına malik bəzi ölkələri demoqrafik baxımdan kritik həddə yaxınlaşıb və əhalinin təbii artımını bərpa etmək imkanları xeyli məhdudlaşıb.
Modern.az xəbər verir ki, nümunə olaraq Çin, ABŞ və Braziliya göstərilir. Bu ölkələrdə doğum əmsalı hazırda 1–1,60 intervalındadır. Halbuki nəsillərin sadə əvəzlənməsini təmin etmək üçün bu göstərici hər qadına orta hesabla 2,1–2,15 uşaq düşməlidir.
Bu fonda "Visual Capitalist" onlayn platformasının analitikləri BMT və UNICEF-in məlumatlarına əsaslanaraq dünya ölkələrində yetkinlik yaşına çatmayanların ümumi əhali içərisində payını araşdırıb və qlobal reytinq hazırlayıblar.
Ən gənc əhaliyə malik ölkələr
Araşdırmaya görə, dünyada ən gənc əhaliyə malik ölkə Mərkəzi Afrika Respublikasıdır. Burada 18 yaşadək şəxslər ümumi əhalinin 56,2 faizini təşkil edir.
İkinci yerdə 53,3 faizlə Niger, üçüncü yerdə isə təxminən 53 faizlə Somali qərarlaşıb.
İlk onluğa, həmçinin Mali (52,9%), Çad (52,7%), Konqo Demokratik Respublikası (52,5%), Burundi (51,4%), Mozambik (51,1%), Anqola (50,8%) və Uqanda (50,2%) daxildir.
MDB ölkələrində vəziyyət
MDB məkanında 18 yaşadək şəxslərin əhali içərisində ən yüksək payı Tacikistanda qeydə alınıb. Bu göstərici 41,7 faizdir. Ölkə dünya reytinqində 53-cü yerdədir.
Sonrakı yerlərdə Qırğızıstan (37,5%, dünya üzrə 63-cü yer) və Özbəkistan (36,2%, 70-ci yer) qərarlaşıb.
Digər MDB ölkələrinin göstəriciləri belədir:
Qazaxıstan – 34,2% (80-ci yer);
Azərbaycan – 25,9% (118-ci yer);
Ermənistan – 23% (140-cı yer);
Rusiya – 20,9% (164-cü yer);
Belarus – 19,4% (176-cı yer).
Yetkinlik yaşına çatmayanların payı ən aşağı olan ölkələr
2026-cı il üzrə qlobal reytinqdə sonuncu yeri Honkonq tutub. Burada 18 yaşadək şəxslər əhalinin cəmi 12,6 faizini təşkil edir.
Digər aşağı göstəricilərə malik ölkə və ərazilər bunlardır:
Cənubi Koreya – 12,9%;
Yaponiya – 14%;
Tayvan – 14%;
Sinqapur – 14,4%;
Puerto-Riko – 14,5%;
İtaliya – 14,6%;
Andorra – 14,8%;
San-Marino – 15,1%;
Malta – 15,5%;
Portuqaliya – 15,6%;
İspaniya – 15,8%.
Almaniyada bu göstərici 16,6%, Qətərdə 17,3%, Macarıstanda 17,4%, Finlandiya və Polşada 17,8%, İsveçrədə 17,9%, Birləşmiş Ərəb Əmirliklərində 18,5%, Çində isə 19,1% təşkil edir.
Analitiklərin fikrincə, bu ölkələrdə uşaqların və gənclərin əhali içərisində payının aşağı olması ciddi demoqrafik problemlərdən xəbər verir. Onların qiymətləndirməsinə görə, belə ölkələrdə əhalinin sayını qorumaq üçün gələcəkdə xarici miqrasiya mühüm rol oynaya bilər.
Dərc vaxtına görə
