Hansı spirtli içki ürək üçün daha təhlükəlidir? – 340 min nəfərin məlumatları araşdırıldı


340 mindən çox insanın sağlamlıq məlumatları əsasında aparılan araşdırma spirtli içkilərin növü və ölüm riski arasında fərqli əlaqələr olduğunu üzə çıxarıb. Nəticələrə görə, çox miqdarda alkoqol qəbulu bütün hallarda ölüm riskinin artması ilə əlaqələndirilir. Az və orta miqdarda şərab içənlərdə isə fərqli nəticələr müşahidə olunub.
Moderator.az "ScienceDaily" nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələri Amerika Kardiologiya Kollecinin (ACC.26) illik elmi sessiyasında təqdim edilib.
Alimlər 2006–2022-ci illərdə UK Biobank məlumat bazasına daxil edilmiş 340 924 yetkin insanın məlumatlarını araşdırıblar. İştirakçılar 13 ildən çox müddətdə izlənilib.
Araşdırma göstərib ki, çox miqdarda spirtli içki qəbul edənlərdə hər hansı səbəbdən ölüm riski 24 faiz, xərçəngdən ölüm riski 36 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 14 faiz yüksək olub. Bu nəticələr içkinin növündən asılı olmayaraq qeydə alınıb.
Maraqlı məqam isə az və orta miqdarda içki qəbul edənlərlə bağlıdır. Orta dərəcədə şərab içənlərdə ürək-damar xəstəliklərindən ölüm riski nadir hallarda və ya ümumiyyətlə alkoqol qəbul etməyənlərlə müqayisədə 21 faiz aşağı olub. Eyni miqdarda pivə və digər spirtli içki qəbul edənlərdə isə bu riskin 9 faiz artması müşahidə edilib.
Tədqiqatçılar fərqin mümkün səbəbləri arasında şərabın tərkibindəki polifenolları, eləcə də şərab içən insanların qidalanma və həyat tərzi xüsusiyyətlərini göstəriblər. Lakin bu amillərin nəticələrə birbaşa səbəb olduğu sübut edilməyib.
Araşdırmanın müəllifi, professor Zhangling Chen vurğulayıb ki, nəticələr şərabın xəstəliklərdən qoruduğunu təsdiqləmir. Tədqiqat müşahidə xarakteri daşıdığı üçün içkinin növü ilə ölüm riski arasında səbəb-nəticə əlaqəsi müəyyən etmək mümkün deyil.
Alimlər əldə olunan nəticələrin spirtli içki qəbul etməyə başlamaq üçün əsas sayıla bilməyəcəyini bildirirlər. Əsas nəticə isə dəyişmir: alkoqolun yüksək miqdarda qəbulu, növündən asılı olmayaraq, sağlamlıq üçün ciddi risk yaradır.
