Gün ərzinda telefona cavab vermədi: "Boşanmaq istəyirəm" deyən arvadını döyən şəxs 1 000 manat cərimələndi


Bakıda ailə-məişət zəminində yaranan mübahisə zamanı həyat yoldaşını döyərək ona xəsarətlər yetirən şəxs məhkəmə qarşısına çıxarılıb.
Tiraj.az xəbər verir ki, hadisə Xətai rayonu, NZS qəsəbəsi, İskəndər Aznaurov küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
İttihama əsasən, təqsirləndirilən şəxs 2015-ci ildə ailə qurduğu həyat yoldaşı S. İsgəndərova ilə münasibətləri pisləşdikdən sonra aralarında mübahisələr yaranıb. 2026-cı ildə baş verən hadisə zamanı, saat 23:00 radələrində evə gələn şəxs həyat yoldaşından gün ərzində zənglərinə niyə cavab vermədiyini və harada olduğunu soruşub.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Təqsirləndirilən şəxs əsəbiləşərək həyat yoldaşının başına və bədəninin müxtəlif nahiyələrinə əllə zərbələr endirib.
Nəticədə qadının üst dodağında əzilmiş yara, sol əlinin kiçik barmağında əzilmə və dırnaq sınığı, hər iki qolunda isə sıyrıqlar yaranıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurma kimi qiymətləndirilib.
Hadisədən sonra qadın iki azyaşlı övladını götürərək evdən çıxıb və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs əməlini etiraf edib. O bildirib ki, həyat yoldaşı ilə münasibətləri pisləşib və qadının ondan ayrılmaq istədiyini öyrəndikdən sonra aralarında mübahisə yaranıb. Hadisə günü evə qayıdarkən yaxınlıqdakı kafedə bir neçə bardaq pivə içdiyini, daha sonra həyat yoldaşı ilə mübahisə zamanı əsəbiləşərək ona əl qaldırdığını bildirib.
Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkmiş S. İsgəndərova isə ifadəsində həyat yoldaşının mütəmadi olaraq spirtli içki qəbul etdikdən sonra evdə mübahisələr yaratdığını, əvvəllər də onu döydüyünü bildirib. O, ərindən ayrılmaq istədikdə özünün və uşaqlarının öldürüləcəyi ilə hədələndiyini də qeyd edib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını və ondan şikayətçi olduğunu bildirib.
Məhkəmə araşdırması zamanı qadına yetirilmiş xəsarətlər ekspert rəyi və digər sübutlarla təsdiqini tapıb. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə tövsif edilib.
Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı övladının olmasını, əməlindən səmimi peşmançılıq keçirməsini yüngülləşdirici hallar kimi nəzərə alıb. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməyib.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1 000 manat məbləğində cərimə cəzası təyin edilib.
Arif
