GTA 6 artıq satışa çıxıb – İlk oyunçular Yeni Zelandiyada oynamağa başlayıblar


18.11.2026 - 23:03
28
13 illik gözləntidən sonra “Grand Theft Auto VI” (GTA 6) nəhayət oyunçuların ixtiyarına verilib. Oyuna ilk giriş Yeni Zelandiyada mümkün olub.
İNFOAZ.MEDİA xəbər verir ki, Rockstar Games tərəfindən hazırlanan layihənin ərsəyə gəlməsi böyük maliyyə vəsaiti və uzunmüddətli iş tələb edib. Oyunun buraxılış tarixi iki dəfə təxirə salınıb.
Artıq beynəlxalq oyun nəşrlərinin ilk rəyləri dərc olunub. Tənqidçilər GTA 6-ya yüksək qiymətlər verərək onu Rockstar tarixinin ən uğurlu layihələrindən biri kimi qiymətləndirirlər. “Video Games Chronicle” nəşri oyuna 5 üzərindən 5 bal verib.
Jurnalistlərin xüsusi diqqət çəkdiyi məqamlardan biri oyunun açıq dünyasıdır. Leonida ştatı və Vice City şəhəri təsadüfi hadisələr, mini-oyunlar və araşdırıla bilən məkanlarla zəngindir. Əsas süjetdən kənarda da oyunçuları çoxsaylı fəaliyyətlər gözləyir.
İlkin rəylərə əsasən, yalnız əsas süjet xəttinin tamamlanması təxminən 60 saat çəkə bilər. Əlavə tapşırıqlar və digər fəaliyyətlərlə oyunda yüzlərlə saat keçirmək mümkündür.
Qrafika, vizual detallılıq və musiqi tərtibatı da müsbət qiymətləndirilib. Xüsusilə fransız elektron musiqi dueti Justice tərəfindən hazırlanan musiqilər və oyun daxilindəki radio stansiyalarının repertuarı diqqət çəkib.
GTA 6-nın rəsmi təqdimatı oyun sənayesinin son illərdə ən çox gözlənilən hadisələrindən biri hesab olunur.
Orxan Məhərrəmov
1 mənbə