Gömrük Hospitalı deputata məxsus olduğu bildirilən şirkətlə 129,9 min manatlıq müqavilə bağladı


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı dərman təchizatı məqsədilə keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, hospital psixotrop və güclü təsir edici dərman vasitələrinin satın alınması üzrə "Azəri Med" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1500072561) ilə müqavilə bağlayıb.
Tərəflər arasında imzalanmış müqavilənin dəyəri 129.941,54 AZN (129,9 min manatdan çox) təşkil edir.
Qeyd edək ki, “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, mətbuatda yayımlanan və təkzib olunmayan məlumata görə, şirkət Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsusdur. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir. Nizamnamə kapitalı 8 255 510 AZN olan və hazırda qanuni təmsilçisi Famil Vəli oğlu Rəhimli olan "Azəri Med" MMC-nin rəhbərliyində illər ərzində bir çox dəyişikliklər baş verib. Şirkətin idarəçilik tarixinə nəzər saldıqda qanuni təmsilçiliyin ardıcıl olaraq fərqli şəxslərə keçdiyi görünür.Belə ki, şirkətin rəhbərliyinə ilk olaraq 15 noyabr 2007-ci il tarixdə İlqar Qayıbverdi oğlu İskəndərov və Yaqub Raquf oğlu Kazımov gətirilib. Daha sonra, 6 noyabr 2009-cu ildən qanuni təmsilçilik Hüsaməddin Şəmsəddin oğlu Qafarova, 28 oktyabr 2013-cü ildən isə Cabbar Elman oğlu Qafarova keçib. Şirkətin hazırkı rəhbəri Famil Vəli oğlu Rəhimli isə bu vəzifəni 13 oktyabr 2016-cı il tarixdən icra edir.32gun.az-a daxil olan məlumata görə, rəhbərlikdə bir-birini əvəz edən və eyni soyadı daşıyan Hüsaməddin Qafarovla Cabbar Qafarov Milli Məclisin deputatı, "Azəri Med" şirkətinin faktiki təsisçisi olduğu bildirilən Kəmaləddin Qafarovun yaxın qohumlarıdır."Azəri Med" MMC ölkənin ən böyük əczaçılıq və tibbi təchizat şəbəkələrindən birinə sahib olmaqla yanaşı, dövlət səhiyyə müəssisələrinin milyonluq satınalma müsabiqələrində mütəmadi olaraq qalib gəlir.
Nilay
