Filizçay layihəsi üzrə ilkin istismara 2032-ci ildə başlanması planlaşdırılır


Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Balakəndə Filizçay yatağının yaxınlığındakı kəndlərin sakinləri ilə görüşüb. Layihənin hazırda İlkin Texniki-İqtisadi Əsaslandırma mərhələsində olduğu, filizin emalı üçün flotasiya və hidrometallurgiya üsullarının araşdırıldığı bildirilib.
Şirkətin planına əsasən, Yekun Texniki-İqtisadi Əsaslandırmanın 2030-cu ildə başa çatdırılması və emal zavodunun tikintisinə başlanması nəzərdə tutulur. Müəssisənin 2032-ci ildə ilkin istismara verilməsi, istismar müddətinin isə 34 il olması hədəflənir. Zavodun tikintisi və fəaliyyəti dövründə yerli sakinlər üçün yüzlərlə daimi iş yerinin yaradılması planlaşdırılır.
Görüşdə ətraf mühitin qorunması, su ehtiyatlarından istifadə, tullantıların idarə olunması və yerli icmaların məlumatlandırılması barədə də danışılıb. Sakinlərin müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb.
Əsas mənbə: APA
1 mənbə
