Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir - video


18.11.2026 11:25
Azərbaycanda fermerlərin 80 faizindən çoxu kartof əkini zamanı öz məhsullarından ayırdıqları, keyfiyyətini itirmiş toxumlardan istifadə edir. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Əlibala Məhərrəmzadə deyib.
O bildirib ki, ölkənin illik kartof toxumuna tələbatı isə təxminən 200 min ton təşkil edir.
Deputat bu sahədə sertifikatlaşdırılmış elmi toxumçuluq sisteminin formalaşdırılmadığını bildirərək intensiv kənd təsərrüfatı modelinə keçidin sürətləndirilməsini təklif edib.
Deputat parlamentdə çıxışı zamanı bildirib ki, qlobal kənd təsərrüfatında iqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və ərzaq təhlükəsizliyi riskləri ənənəvi əkinçilik və heyvandarlıq modellərinin dəyişdirilməsini zəruri edir.
“Bir faktı diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda strateji ərzaq məhsulu sayılan kartof toxumu tamamilə yox səviyyəsindədir. Sənaye və elmi əsaslara söykənən sertifikatlaşdırılmış elmi toxumçuluq sistemi hələ də formalaşmayıb. Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80 faizindən çoxu öz məhsullarından ayırdığı, keyfiyyətini itirmiş, reproduksiyası aşağı düşmüş adi kartof toxumu əkirlər. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq rentabellikdə ciddi itki deməkdir”, – Əlibala Məhərrəmzadə qeyd edib.
Deputat bildirib ki, ölkədə xüsusilə heyvandarlıqda intensiv üsulların tətbiqi ləng gedir. Onun sözlərinə görə, seleksiya yolu ilə yaradılmış məhsuldar toxum və heyvan cinslərinin sayı artırılmalıdır.
Əlibala Məhərrəmzadə aqrar sahədə aqrodronlardan, peyk izləmə sistemlərindən və avtomatlaşdırılmış texnikalardan istifadənin genişləndirilməsini də vacib sayıb. O bildirib ki, bu texnologiyalar xəstəlikləri vaxtında aşkar etməyə, əl əməyini azaltmağa və istehsal xərclərinə qənaət etməyə imkan verə bilər.
Deputat kənd təsərrüfatında bəzi sahələr üzrə vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsi məsələsinə də toxunub.
“Əgər biz aqrar sektorun inkişafını və dotasiyalardan azad olub ciddi sənayeyə çevrilməsini hədəfləyiriksə, ilk növbədə qabaqcıl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə boşluqları aradan qaldırmalıyıq”, – o bildirib.
Əlibala Məhərrəmzadə intensiv istehsal modelinə keçidin sürətləndirilməsi üçün fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsini və stimullaşdırıcı tədbirlərin görülməsini təklif edib.
“Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu işlərin həyata keçirildiyini müşahidə edirik, amma bölgələrdə fermerlər və təsərrüfat subyektləri arasında daha çox ciddi maarifləndirmə işlərinə ehtiyac var. Eyni zamanda stimullaşdırıcı tədbirlər zəruridir. Bütün bunlar vahid dövlət proqramında öz əksini tapmalıdır”, – deputat vurğulayıb.
Onun sözlərinə görə, yeni yanaşmaların tətbiqi ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması və ölkəyə valyuta daxilolmalarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.
“Su ehtiyatlarının məhdud olduğu, qlobal istiləşmənin və ekoloji tarazlığın pozulduğu bir dövrdə ənənəvi üsullarla resursların israfına yol vermək milli təhlükəsizlik riski yaratmaq deməkdir”, – Əlibala Məhərrəmzadə əlavə edib.
Oxşar xəbərlər
Cəmiyyət 16:26
Su və Meliorasiya İnstitutunda 435 ştat vahidi təsdiqlənib
Cəmiyyət 16:08
DSMF-nin investisiya gəlirləri 2025-ci ildə 120,5 milyon manat olub
Cəmiyyət 15:28
Oğuzda avtoxuliqanlıq edən sürücü bir il müddətinə sürücülük hüququndan məhrum edilib
Cəmiyyət 14:57
Fuad Muradovun müavinlərinin sayı artırılıb - fərman
Cəmiyyət 14:24
Sumqayıt bulvarında 20 yaşlı gənc dənizdə batıb
Cəmiyyət 14:14
Prezident təqaüdü alanların sayı açıqlanıb
Cəmiyyət 13:58
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Cəmiyyət 13:22
Şahin Babayev: Hər il 600 peşə təhsili tələbəsi dəmir yollarında təcrübəyə cəlb olunur
Cəmiyyət 13:15
Anar Əliyev: Azərbaycanda 600 minə yaxın əmək müqaviləsi rəsmiləşdirilib
Dərc vaxtına görə
