Fermerləri çətin vəziyyətə saldığımızı görə-görə qanun qəbul edirik - deputat


Deputat Məşhur Məmmədov kənd təsərrüfatı istehsalçılarına vergi tətbiqinin fermerlər üçün əlavə mühasibat xərcləri yaradacağını və bunun məhsulların bahalaşmasına səbəb ola biləcəyini açıqlayıb.
O, büdcəyə cəlb edilməsi nəzərdə tutulan 14,5 milyon manatın əvəzində fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat xərcləyə biləcəyini deyərək məsələnin qanun layihəsinin ikinci oxunuşunda yenidən nəzərdən keçirilməsini təklif edib.
Deputat parlamentdə çıxışı zamanı bildirib ki, hazırda təxminən 384 min fermerə subsidiya verilir, torpaq sahələrinin mülkiyyətçilərinin sayı isə 600 minə yaxındır.
Məşhur Məmmədovun sözlərinə görə, subsidiya alan 384 min fermer əsas götürüldükdə, hər bir fermerin hesabına büdcəyə ildə təxminən 40 manat daxilolma nəzərdə tutulur. Lakin vergi uçotunun aparılması üçün fermerlərin mühasibə ehtiyacı yaranacaq.
“Azərbaycanda minimum əməkhaqqı bu ildən 400–450 manat olarsa, bir işçinin saxlanılması üçün illik xərc ən azı 5 500–7 500 manat təşkil edə bilər. Bu isə 40 manatlıq məbləğlə müqayisədə fermerlərin yüzlərlə dəfə daha çox əlavə vəsait xərcləməsinə səbəb olacaq”, – deputat bildirib.
O qeyd edib ki, regionlarda bu qədər sayda mühasib tapmaq da çətin olacaq.
“Yəni, əslində, bu qanunu qəbul etməklə fermerləri hansı çətin vəziyyətə saldığımızı və belə bir uçotun aparılmasının mümkün olmadığını görə-görə, gələcəkdə icra olunmayacağını bildiyimiz qanunları qəbul edirik.
Mənə elə gəlir ki, burada əyləşən bir çox deputat da mənimlə eyni fikirdədir: büdcəyə daxil olacaq 14,5 milyon manatın əvəzinə fermerlərin mühasibat uçotuna yüz milyonlarla manat əlavə vəsait xərcləməsi kənd təsərrüfatı məhsullarının bahalaşmasına, eləcə də kənd təsərrüfatında çalışan insanların problemlərlə üzləşməsinə səbəb olacaq”, – Məşhur Məmmədov vurğulayıb.
Deputat məsələnin ikinci oxunuşda hökumət tərəfindən nəzərə alınmasının fermerlər üçün müsbət addım olacağını bildirib.
1 mənbə
