Fərid Qayıbov: "Xankəndidəki stadionda UEFA turnirlərinin oyunları da keçirilə bilər"


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xankəndi şəhər stadionunda UEFA turnirlərinin oyunları da keçirilə bilər.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
O, I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu vaxtı fikirlərini bölüşüb:
"Xatırlayırsınızsa, Xankəndi azad edildikdən sonra, 2023-cü il dekabrın 21-də Xankəndi stadionunda ilk oyun keçirildi. Bu Azərbaycan Kubokunda "Qarabağ" və MOİK komandaları arasında baş tutan qarşılaşma idi. Daha sonra ölkə başçısının tapşırığına əsasən, stadion yenidən quruldu. Bu yaxınlarda cənab Prezident İlham Əliyevin iştirakı ilə açılış oldu. Bu gün isə biz yenidən ilk oyundayıq. Xankəndi komandası ilk oyununu doğma stadionunda keçirir. Təbii ki, hamımız üçün sevindirici haldır. Çoxsaylı azarkeşlərin burada toplaşması çoxdan gözlədiyimiz bir gün idi".
F.Qayıbovun sözlərinə görə, I Liqanın digər təmsilçisi MOİK də ev oyunlarını bu stadionda keçirmək qərarına gəlib:
"Gələn ildən etibarən onlar da burada oynayacaqlar. Bildiyiniz kimi, stadion müvafiq UEFA kateqoriyasını almaq üçün hazırdır. Burada beynəlxalq standartlara uyğun bütün şərait yaradılıb. Çalışacağıq ki, UEFA-dan müvafiq kateqoriya alındıqdan sonra, AFFA-nın da dəstəyi ilə burada nəinki aşağı yaş qrupları üzrə, həmçinin A milli komandamızın da oyunları keçirilsin. Burada UEFA turnirlərinin oyunları da keçirilə bilər".
Dərc vaxtına görə
