Fərid Babayev: Yerlilərə imkan verməsək, özlərini necə sübut edə bilərlər? - MÜSAHİBƏ


AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək Liqanın təqdimat mərasimindən sonra brifinq keçirib.
Sportify.az xəbər verir ki, Babayev jurnalistlərin suallarını cavablandırıb:
– 2026/2027 mövsümü Azərbaycan futzalı üçün bir sıra yeniliklərlə yadda qalacaq. Yeni mövsümdən gözləntiləriniz nədir?
– Bu mövsüm bizim üçün çox vacibdir. Bir sıra yeniliklər etmişik. Legioner limiti tətbiq olunacaq, U-19 Liqası yaradılıb və komandaların sayı artırılıb. İnanıram ki, rəqabətli mühit formalaşacaq. Bu da futzalçılarımızın inkişafına müsbət təsir göstərəcək. Legioner limitinin tətbiqi yerli oyunçulara daha çox oyun praktikası qazanmaq imkanı verəcək. Nəticədə milli komandamızın da inkişafına töhfə olacaq.
– Əvvəlki çempionatlarda komandaların heyətini formalaşdırmaq çətinlik yaradırdı. İndi komanda sayının 10-a çatması ilə əlaqədar bütün kollektivlərin yüksək liqada çıxış etmək üçün kifayət qədər lisenziyalı futzalçı tapa biləcəyinə inanırsınız?
– Bütün oyunçular AFFA-nın müvafiq sisteminə daxil edilib. Bildiyiniz kimi, lisenziya olmadığı halda futzalçının oyunda iştirakına icazə verilmir. Ona görə də hamısının lisenziyası var. Mən demirəm ki, burada hamı peşəkardır. Peşəkar olmayan, həvəskar futzalçılar da var. Amma biz həvəskarları inkişaf etdirərək peşəkar səviyyəyə çatdırmağı özümüzə hədəf qoymuşuq.
– Yeni mövsümdə tətbiq ediləcək legioner limitini bir daha izah edərdiniz…
– Meydanda iki yerli oyunçu və üç legioner ola bilər. Amma üç legionerdən biri mütləq qapıçı olmalıdır. Əgər legionerlər arasında qapıçı yoxdursa, həmin mövqedə yerli oyunçu çıxış etməlidir. Bu qaydanı qəbul etməyimizin əsas səbəbi hazırda ölkəmizdə qapıçı qıtlığının olmasıdır. İstəyirik ki, klublar bu baxımdan çətinlik çəkməsinlər və ehtiyac yaranarsa, xaricdən qapıçı dəvət edə bilsinlər. Ola bilər ki, növbəti mövsümdən etibarən limiti 3+2 formatına dəyişək. Bu variant da müzakirə oluna bilər.
– Milli komandada milliləşdirilmiş futzalçıların çıxışına necə baxırsınız? Hətta uzun illər Azərbaycanda yaşayan oyunçuların da millidə yer almayacağı gözlənilirmi?
– Hazırda bizim əsas diqqətimiz yalnız yerli futzalçılardır. İnkişafı da məhz onların üzərində qurmaq istəyirik.
– Bir vaxtlar dünyada aparıcı mövqelərdən birini tutan Azərbaycan futzalı son illərdə əvvəlki statusunu itirib. Bu vəziyyətdən çıxmaq üçün əcnəbi baş məşqçi dəvət etmək və ya başqa islahatlar aparmaq planınız varmı?
– Əcnəbi baş məşqçi gətirmək mümkündür, bu məsələdə heç bir məhdudiyyətimiz yoxdur. Amma inanırıq ki, yerli məşqçilərlə əvvəlki statusumuzdan da yaxşı nəticələr əldə edə bilərik. Əcnəbi oyunçuların təcrübəsi ola bilər, yaxşı çıxış edə bilərlər. Amma niyə özümüzdən olan futzalçılarla bunu bacarmayaq? Yerli oyunçulara imkan verməsək, onlar özlərini meydanda necə sübut edə bilərlər? Nə qədər gözləməliyik?
– Məlumatlara görə, Premyer Liqada çıxış edən klubların hamısına futzal komandası yaratmaqla bağlı müraciət olunub. Hazırda yalnız “İmişli” bu təşəbbüsə qoşulub. Gələcəkdə bu iştirak məcburi xarakter daşıya bilərmi?
– Biz bütün klublara müraciət etdik və hər biri bizə cavab verdi. Bildiyiniz kimi, hazırda “Araz-Naxçıvan”, “Neftçi” və “İmişli” çempionatda iştirak edir. “Neftçi” və “Araz-Naxçıvan” əvvəlki dövrlərdən yarışda təmsil olunurdular, “İmişli” isə yeni qoşulub. Digər klublar da müraciətimizə cavab olaraq növbəti mövsümdən iştirak edə biləcəklərini bildirdilər. Sentyabr ayından müraciət etdiyimiz üçün bəzi klublar planlarını əvvəlcədən buna uyğun qurmamışdılar. İnanırıq ki, gələcəkdə məcburiyyət olmadan özləri bu çempionata qoşulacaqlar. Çünki bu mövsümdən çox şey gözləyirik. Futzal böyük futbol üçün də mühüm baza ola bilər. Dünyada futzaldan yetişərək məşhurlaşan futbolçular var. Biz də bu idman növü vasitəsilə oyunçuların inkişafına nail ola bilərik.
– Bəs milli komandanın əvvəlki səviyyəsinə qayıtması üçün nə qədər vaxt nəzərdə tutulub: Bir, üç, yoxsa beş il?
– Çox uzun müddət, 10-15 il, 20 il gözləmək niyyətimiz yoxdur. İnşallah, dəyişikliklərin nəticələrini tezliklə görəcəyik.
– Son illərdə futzalın geriləməsinin səbəblərindən biri kimi minifutbolun ön plana çıxması göstərilir. Bəzi futzalçılar minifutbola üstünlük verirlər. Bu barədə nə düşünürsünüz?
– Azərbaycan bayrağını istənilən yerdə ucaldan hər bir kluba və idman növünə hörmətlə yanaşırıq. AFFA olaraq da bu məsələyə hörmətlə yanaşırıq və heç bir etirazımız yoxdur. Bəli, bilirik ki, oyunçuların bir çoxu minifutbola üstünlük verir. Amma gələcəkdə oradan futzala keçəcək oyunçuların da olacağına inanırıq.
– Peşəkar futbolçuların minifutbolda çıxışına maneə olmadığı kimi, onların futzalda da oynamasına icazə verilirmi?
– Əsasnamədə dəyişikliklər edilib. Artıq peşəkar müqaviləsi olan futbolçuların həm böyük futbolda, həm də futzalda çıxış etməsi mümkündür.
Haşım MƏMMƏDOV
1 mənbə
