FEMA-da taxtabiti böhranı: Minlərlə əməkdaş evdən işləyəcək

01:14 / 20.11.2026
ABŞ-ın Fövqəladə Halların İdarə Edilməsi üzrə Federal Agentliyinin (FEMA) Vaşinqtondakı baş qərargahında taxtabitilərin yayılması səbəbindən bina dezinfeksiya üçün bağlanıb, mindən çox əməkdaş evdən işləməyə yönləndirilib.
AFN.az xəbər verir ki, zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdiyi müddətdə əməkdaşların binaya nə vaxt qayıdacağı hələ məlum deyil.
Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) gərgin keçən həftəsinə ölkənin fövqəladə hallara müdaxilə qurumunun baş qərargahında yaranan taxtabiti problemi də əlavə olunub.
Məsələ ilə tanış olan altı mənbənin bildirdiyinə görə, FEMA-nın Vaşinqtondakı baş qərargahında taxtabitilərin yayılması səbəbindən mindən çox əməkdaş binada dezinfeksiya işləri aparıldığı müddətdə cümə axşamı evdən işləməli olub.
Çərşənbə günü axşam əməkdaşlara göndərilən və CNN tərəfindən nəzərdən keçirilən daxili elektron məktubda baş qərargahın təcili zərərvericilərə qarşı mübarizə tədbirləri səbəbindən bağlanacağı bildirilib. Cümə axşamı isə taxtabitilərin binanın bir neçə mərtəbəsində aşkarlandığı barədə məlumat yayılıb.
Qurumun daxili məlumatında aktiv zərərverici problemini aradan qaldırmaq, bütün əməkdaşlar üçün təhlükəsiz və sağlam iş mühiti təmin etmək məqsədilə binanın hər yerində genişmiqyaslı dezinfeksiya aparılmasının zəruri olduğu qeyd edilib. Binaya qayıdış üçün konkret tarix açıqlanmayıb, problemin uğurla həllindən sonra əlavə məlumat veriləcəyi bildirilib. FEMA və Daxili Təhlükəsizlik Nazirliyi məsələ ilə bağlı şərh sorğularına hələ cavab verməyib.
Vaşinqton və dövlət qulluqçuları üçün çətin keçən bu həftə Milli Təhlükəsizlik Agentliyi (NSA) də daxili rabitə üçün istifadə olunan məxfi şəbəkədə təmir işləri aparmaq məqsədilə öz kampusunu üç gün ərzində əməkdaşların əksəriyyəti üçün bağlayıb. Taxtabiti böhranı FEMA-nın son bir həftədə üzləşdiyi yeganə fövqəladə vəziyyət deyil. Hadisə sistem nasazlığı səbəbindən bütün uçuşların dayandırıldığı ötən cümə günü ölkə üzrə aviareyslərin yerinə yetirilməməsindən və Daxili Təhlükəsizlik naziri Markueyn Mallinin FEMA-nı köməyə çağırmasından bir neçə gün sonra baş verib.
FEMA-nın tabe olduğu nazirliyə rəhbərlik edən Mallin qurumun hava limanları ilə koordinasiya yaradaraq uçuşların dayandırılması səbəbindən orada qalan sərnişinlərin dərmanlara çıxış kimi əsas ehtiyaclarının təmin olunmasına kömək edəcəyini açıqlamışdı. Lakin təxminən 24 saat davam edən bu təcili tapşırıq FEMA-nın bəzi əməkdaşlarında niyə çağırıldıqları ilə bağlı suallar yaradıb.
Tapşırıqda iştirak edən beş qurum rəsmisinin verdiyi məlumata görə, ölkə üzrə əməliyyat mərkəzlərinə göndərilməsi istənilən əməkdaşlara az sayda göstəriş verilib və onlar demək olar ki, yerinə yetirəcək iş tapa bilməyiblər. FEMA-nın yüksək vəzifəli rəsmilərindən biri vəziyyəti resurs və vaxt itkisi kimi qiymətləndirib.
Hava limanlarındakı bu tapşırıq Mallinin nazirlikdə həyata keçirdiyi və diqqətlə izlənilən daha genişmiqyaslı idarəetmə müdaxiləsinin bir hissəsi hesab olunub. Hökumətin fəaliyyətinin davamlılığını təmin etmək və federal səviyyədə fəlakətlərə müdaxiləni əlaqələndirmək öhdəliyi daşıyan FEMA üçün bu hadisə 22 aylıq qarışıq dövrdən sonra növbəti problemə çevrilib.
ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem və Kori Levandovski prezident Donald Trampın ikinci prezidentlik müddətinin ilk ilində FEMA-nı ləğv etmək vədini vermiş, qurumun fəaliyyətini köklü şəkildə dəyişdirməyə çalışmışdılar. Onların vəzifədən ayrılmasından sonra administrasiya Mallinin rəhbərliyi altında qurumda sabitlik yaratmağa çalışsa da, FEMA-nın kiçildilməsi, fəlakətlərə müdaxilə və bərpa işləri ilə bağlı məsuliyyətin daha böyük hissəsinin ştatların üzərinə qoyulması istiqamətində addımları davam etdirib.
Tramp həmçinin Noemin bir il əvvəl qəfil qərarla müvəqqəti rəhbərlik vəzifəsindən uzaqlaşdırdığı Kemeron Hamiltonu qurumun daimi rəhbəri vəzifəsinə namizəd göstərib. Hamilton və komandası ötən ay rəhbər şəxslərin səfərləri üçün iki xüsusi təyyarənin icarəyə götürülməsinə dair qısamüddətli təşəbbüsə görə də tənqidlərin hədəfinə çevrilmişdi.
AFN.az
