“Eyni tempdə davam edirik” – Rui Jorje


Tofiq Bəhramov adına Respublika Stadionunda İraqın müvafiq yaş qrupundan ibarət yığmasını məğlub edən (2:1) 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje yoldaşlıq görüşündən sonra açıqlama verib.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyun haqqında fikirlərini bölüşüb:
– Hər iki komanda ilk görüşlə müqayisədə daha keyfiyyətli futbol nümayiş etdirdi. Çox gözəl bir stadionda mübarizə apardıq. Meydanda əsl rəqabət və yüksək intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkarlıqla çalışmışıqsa, eyni tempdə də davam edirik. Sərəncamımda olan oyunçuların inkişaf etməsi məni çox sevindirir. Onlar məşqlərin hər bir saniyəsindən maksimum yararlanmağa çalışır, öz üzərlərində ciddi işləyirlər. Futbolçularımın potensialına yaxşı bələdəm və inanıram ki, bundan da artığını bacararlar. Ən böyük arzum odur ki, Azərbaycan xalqı bizim oyunlarımızı izləyərkən sevinsin və komandamızla qürur duysun.
