Estoniya üçün Türkiyədə layihələndirilən “Nomad” zirehli maşınları Böyük Britaniyada istehsal olunacaq


Estoniya Türkiyə istehsalı olan “Nomad” zirehli maşınlarının yeni partiyasını alacaq və ilk dəfə olaraq bu avtomobillər Böyük Britaniyada istehsal ediləcək.
Ordu.az xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Estoniya Müdafiə İnvestisiyaları Mərkəzi ölkənin silahlı qüvvələri üçün əlavə “Nomad” zirehli maşınlarının alınmasına dair NMS UK şirkəti ilə müqavilə imzalayıb. Nazirlik bunu “Nomad” maşınlarının ilk dəfə Böyük Britaniyada istehsal olunacağı müqavilə kimi qiymətləndirib.
NMS UK Türkiyənin “Nurol Makina” şirkətinin törəmə müəssisəsidir. “Nomad” zirehli maşınlarının istehsalçısı olan ana şirkət indiyədək Estoniyaya tədarük edilmiş bütün avtomobilləri Türkiyədəki zavodunda istehsal edib.
“Nomad” Estoniyanın “Nurol Makina” şirkətinin NMS modelinə verdiyi addır. Bu, hərbçilərin daşınması üçün nəzərdə tutulmuş, dörd təkərli zirehli maşındır. Avtomobil şəxsi heyəti atıcı silahlardan açılan atəşdən və mina partlayışlarından qorumaq üçün hazırlanıb.
Estoniya Müdafiə Nazirliyinin məlumatına görə, bu maşınlar iki ildən artıqdır ölkənin silahlı qüvvələrinin xidmətindədir və praktikada öz imkanlarını sübut edib.
Estoniya NMS zirehli maşınlarını ilk dəfə 2023-cü ilin oktyabrında sifariş edib. Təxminən 200 milyon avro dəyərində olan müqavilə ümumilikdə 230-a yaxın Türkiyə istehsalı zirehli maşının alınmasını nəzərdə tuturdu. Müqaviləyə “Otokar” şirkətinin “Arma 6x6” zirehli maşınları da daxil idi.
“Nurol Makina” şirkətinin payı təxminən 60 milyon dollar dəyərində qiymətləndirilirdi və 100 ədəd NMS zirehli maşınının tədarükünü əhatə edirdi.
Maşınlar Estoniyanın 1-ci və 2-ci piyada briqadalarına verilib. Türkiyənin hər iki istehsalçısından alınan ilk 50 avtomobil planlaşdırılandan əvvəl Estoniyaya çatdırılıb.
İstehsalın Böyük Britaniyaya köçürülməsi proqramı Estoniyanın əsas hərbi tərəfdaşlarından biri ilə daha sıx əlaqələndirir. Yeni müdafiə yol xəritəsinə əsasən, Böyük Britaniya Estoniyada yerləşdirilən hərbçilərinin sayını 1 200 nəfərə çatdırmağı planlaşdırır.
Estoniya Müdafiə Nazirliyi müqaviləni Estoniya və Böyük Britaniya arasında müdafiə sənayesi əməkdaşlığının inkişafında daha bir addım kimi qiymətləndirib.
Sevinc Əliyeva Ordu.az