“Ermənistanın yeni Konstitusiyasının ilkin layihəsi gələn həftə dərc olunacaq” - Paşinyan


“Yeni Konstitusiyanın ilkin layihəsinin dərcindən sonra sənədin qəbulu prosesinin praktiki mərhələsinə başlanılacaq”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 19-da hökumətin iclasında məlumat verib.
“Gələn həftə Konstitusiyanın ilkin layihəsi dərc olunacaq”, - deyə Paşinyan bildirib.
Ermənistanın baş nazirinin sözlərinə görə, layihə müzakirələr nəticəsində hazırlanıb və seçkiqabağı kampaniya zamanı da müzakirə edilən əsas siyasi dayaqları özündə əks etdirir.
Qeyd edək ki, noyabrın 18-də parlamentdə çıxış edən Paşinyan müxalifətə yeni Konstitusiya məsələsinin referendum yolu ilə həllini təklif edib. O, layihənin referendumda rədd edilməsi, eləcə də təqdim etdiyi sülh gündəliyinin həyata keçirilməsi halında şəxsən hakimiyyətdən getməyə hazır olduğunu bəyan edib.
Noyabrın 10-da ədliyyə naziri Srbui Qalyan Konstitusiya layihəsinin 90 faizdən çox hissəsinin artıq Konstitusiya İslahatları Şurasında müzakirə edildiyini bildirmişdi. Onun sözlərinə görə, layihə dərc olunduqdan sonra geniş ictimai müzakirələrə başlanılacaq.
Yeni Konstitusiyanın qəbuluna qarşı çıxan bir sıra müxalifət qüvvələri noyabrın 8-dən etibarən İrəvanda maarifləndirmə aksiyaları keçirirlər.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə