Ermənistanın yanlış siyasəti ölkəni regional layihələrdən kənarda qoydu: 30 il əvvəlki xəbərdarlıq bu gün də siyasi ziddiyyətləri üzə çıxarır


“Artıq həmin vaxt aydın idi ki, həll olunmamış münaqişə və bağlı sərhədlər Ermənistanı mühüm inkişaf imkanlarından məhrum edir, iqtisadi asılılıqları dərinləşdirir və xarici siyasət müstəqilliyini məhdudlaşdırır”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “1in.am” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ermənistanın regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalması təhlükəsi hələ 1990-cı illərin ortalarında beynəlxalq diplomatik müzakirələrin mühüm mövzularından birinə çevrilmişdi. Həmin dövrdə Cənubi Qafqazda gələcək enerji və kommunikasiya marşrutları müəyyənləşdirilirdi və bu marşrutlar onilliklər ərzində regionun iqtisadi və siyasi münasibətlərini formalaşdırmalı idi.
“1997-ci ilin fevralında Vaşinqtonda Ermənistanın xarici işlər naziri Aleksandr Arzumanyanla görüşü zamanı amerikalı diplomat Ceyms Kollinz xəbərdarlıq edirdi ki, həmin layihələrdən Ermənistanın kənarda qalması ölkəmizə baha başa gələcək. Artıq o vaxt aydın idi ki, həll olunmamış münaqişə və bağlı sərhədlər Ermənistanı mühüm inkişaf imkanlarından məhrum edir, iqtisadi asılılıqları dərinləşdirir və xarici siyasət müstəqilliyini məhdudlaşdırır”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, təxminən üç onillikdən sonra həmin proqnoz regionun iqtisadi və geosiyasi inkişafında tam şəkildə öz əksini tapıb.
“Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın yanından keçməklə inşa edildi, bununla da ticarət və enerji əlaqələrinin yeni sistemi formalaşdı. Qonşu ölkələr iqtisadi imkanlarını və beynəlxalq əhəmiyyətlərini genişləndirdilər, Ermənistan isə mümkün investisiyalardan, tranzit gəlirlərindən və iqtisadi əməkdaşlıq perspektivlərindən məhrum olaraq iri regional layihələrdən kənarda qaldı”, - deyə nəşr bildirib.
Nəşrin fikrincə, onilliklər boyu davam edən təcrid Ermənistanın iqtisadi və təhlükəsizlik sahələrində asılılıqlarını dərinləşdirib, inkişaf imkanlarını məhdudlaşdırıb və xarici siyasət müstəqilliyinin əsaslarını zəiflədib.
Məqalədə qeyd olunur ki, məxfilikdən çıxarılmış ABŞ sənədi Ermənistanın ozamankı hakimiyyətinin regional təcrid təhlükəsini və onun uzunmüddətli nəticələrini dərk etdiyini təsdiqləyir.
“Vaşinqtonda Arzumanyan Türkiyə ilə sərhədin açılmasını, mövcud dəmir yollarının yenidən fəaliyyətə başlamasını və Ermənistanın regional iqtisadi layihələrdə iştirakını müzakirə edirdi.
Levon Ter-Petrosyanın siyasi yanaşmasının əsasında münaqişənin həlli və blokadanın aradan qaldırılması zərurəti dayanırdı. Bu yanaşma onun 1997-ci ildə dərc olunmuş “Müharibə, yoxsa sülh: Ciddiləşməyin vaxtıdır” adlı məqaləsində də ifadə edilmişdi. Ter-Petrosyan başa düşürdü ki, uzanan münaqişə Ermənistanın iqtisadi və diplomatik imkanlarını tədricən tükəndirir, asılılıqları dərinləşdirir və ölkənin gələcək danışıqlardakı mövqelərini zəiflədir”, - deyə nəşr yazıb.
Nəşr bildirir ki, sonrakı hadisələr bu narahatlıqların əsaslı olduğunu təsdiqləyib.
“Həll olunmamış münaqişə və bağlı sərhədlər onilliklər ərzində Ermənistanın iqtisadi inkişafını və xarici siyasət imkanlarını məhdudlaşdırdı. Qonşu ölkələr isə həmin müddətdə kommunikasiya infrastrukturunu genişləndirdilər, investisiyalar cəlb etdilər və beynəlxalq ticarətdə mövqelərini möhkəmləndirdilər.
Ermənistan regional iqtisadi proseslərin kənarında qaldı, tranzit əhəmiyyətini artırmaq, yeni bazarlara qoşulmaq və xarici asılılıqları azaltmaq imkanlarını itirdi”, - deyə məqalədə vurğulanıb.
Yazıda bu tarixi təcrübə fonunda Levon Ter-Petrosyanın və onun rəhbərlik etdiyi “Erməni Milli Konqresi”nin indiki siyasi mövqeyinə də diqqət çəkilir.
Nəşr qeyd edir ki, “Erməni Milli Konqresi” və Levon Zurabyan uzun illər Ter-Petrosyanın sülh siyasətinə qarşı çıxmış müxalifət dairələri ilə əməkdaşlıq yolları axtarırlar.
“Həmin dairələrin bir qismi hazırda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini kəskin tənqid edir. Otuz il əvvəl münaqişənin vaxtında həllini dövlət zərurəti hesab edən siyasi qüvvənin bugünkü müttəfiqlik seçimi ciddi suallar doğurur”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, “Erməni Milli Konqresi” sülhü siyasi prioritet elan etməkdə davam edir, Levon Zurabyan isə hakimiyyətin danışıqlar siyasətini və həll olunmamış təhlükəsizlik məsələlərini əsas gətirərək tənqid edir.
“Lakin prinsipial sual cavabsız qalır: Ter-Petrosyanın sülh konsepsiyası ilə uzun illər həmin konsepsiyanın əsasını təşkil edən qarşılıqlı güzəşt və regional kommunikasiyaların açılması zərurətini rədd etmiş qüvvələrin mövqeləri arasında hansı siyasi və strateji ortaq məxrəc mövcuddur? Onilliklər ərzində sülh, qarşılıqlı güzəştlər və kommunikasiyaların açılması məsələlərində prinsipial şəkildə bir-birinə zidd mövqelər tutmuş siyasi qüvvələri hansı ümumi strateji baxış birləşdirə bilər?”, - deyə nəşr suallar ünvanlayıb.
Nəşr həmçinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması, regional kommunikasiyaların açılması və Ermənistanın iqtisadi təcridinin aradan qaldırılması ilə bağlı müxalifət qüvvələrinin konkret planının olub-olmadığını sorğulayır.
“Aydın proqram və prinsipial razılaşma olmadan onların əməkdaşlığının yeganə görünən əsası hakimiyyət dəyişikliyi məqsədidir. Bu isə Ermənistanın dövlət və strateji maraqları ilə bağlı mövcud fikir ayrılıqlarının arxa plana keçirilməsi deməkdir”, - deyə məqalədə bildirilib.
Nəşrin fikrincə, Ermənistanın sülhü, təhlükəsizliyi və iqtisadi inkişafı hər hansı hakimiyyətin siyasi taleyindən asılı olmayan uzunmüddətli dövlət maraqlarıdır.
“Paşinyan hökumətini tənqid etmək, onun danışıqlardakı qərarlarına etiraz etmək və əldə olunmuş razılaşmaları yenidən nəzərdən keçirmək mümkündür. Lakin bağlı sərhədlər, iqtisadi təcrid və xarici asılılıqlar Ermənistanın qarşısında duran strateji problemlərdir. Onların həlli daxili siyasi məsələlər ətrafındakı fikir ayrılıqlarından asılı olmayaraq, ardıcıl dövlət siyasəti tələb edir”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, hazırda müzakirə olunan regional kommunikasiyaların açılması, o cümlədən “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) Ermənistan qarşısında tarixən tanış olan problemi yenidən gündəmə gətirir.
“Ermənistan öz ərazisi üzərində tam suverenliyini və yurisdiksiyasını təmin etməklə regional iqtisadi proseslərdə iştirakını bərpa etməlidir. Bu məqsəd ətraflı danışıqlar, beynəlxalq təminatlar və uzunmüddətli iqtisadi hesablamalar vasitəsilə qorunmalıdır”, - deyə nəşr vurğulayıb.
Nəşr layihələrə tənqidi yanaşmanın təbii olduğunu bildirərək, onların iqtisadi səmərəliliyinin, təhlükəsizlik şərtlərinin, hüquqi mexanizmlərinin və qarşılıqlı öhdəliklərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edir.
“Lakin bu müzakirələrin əsasında Ermənistanın dövlət maraqlarına dair aydın təsəvvür dayanmalıdır. Sülh, kommunikasiyaların açılması və nəqliyyat əlaqələrinin inkişafı strateji məsələlərdir. Onların həlli həmin vaxt hakimiyyətdə olan siyasi qüvvəyə münasibətdən asılı ola bilməz”, - deyə məqalədə yazılıb.
Məqalədə 1997-1998-ci illərdəki siyasi böhranın bugünkü Ermənistan üçün də ağır dərs olduğu vurğulanır.
“Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir ayrılıqları hakimiyyət daxilində dərin qarşıdurmaya çevrilmiş və nəticədə Levon Ter-Petrosyan istefa vermişdi. Sonrakı iki onillikdə sülh imkanları davamlı şəkildə məhdudlaşdı, danışıqlardakı mövqelər zəiflədi, münaqişənin həll olunmamış məsələləri və qarşılıqlı etimadsızlıq dərinləşdi. Toplanmış ziddiyyətlər, regionda qüvvələr nisbətinin dəyişməsi və diplomatik prosesin uğursuzluğu 2020-ci ilin fəlakətli müharibəsinə gətirib çıxardı. Bu müharibə Ermənistanın təhlükəsizliyi və dövlətçiliyi üçün ağır nəticələr doğurdu”, - deyə nəşr qeyd edib.
Nəşr bildirir ki, Ermənistan hazırda köklü şəkildə dəyişmiş regional şəraitdə fəaliyyət göstərir. Müharibələrin ağır nəticələri, yeni qüvvələr nisbəti və təhlükəsizlik sahəsindəki zəifliklər sülh və kommunikasiyaların açılması məsələlərini dövlət prioritetinə çevirib.
“Bu gün hər bir siyasi qərar Ermənistanın suverenliyinin möhkəmləndirilməsi, xarici asılılıqların azaldılması və iqtisadi inkişaf üçün real imkanlar baxımından qiymətləndirilməlidir”, - deyə məqalədə vurğulanıb.
Yazıda Levon Ter-Petrosyanın siyasi irsini daşıyan şəxslərin üzərinə xüsusi məsuliyyət düşdüyü də qeyd olunur. Nəşr xatırladır ki, üç onillik əvvəl həmin siyasi dairələr sülhün təxirəsalınmazlığını əsaslandırır, münaqişənin uzanmasının nəticələri və regional təcrid təhlükəsi barədə xəbərdarlıq edirdilər.
“Bu gün onların həmin yanaşmaları vaxtilə rədd etmiş siyasi qüvvələrlə əməkdaşlığı prinsipial suallar doğurur. Bu strateji baxışlardan nə qalıb və onlar hazırkı siyasi ittifaqların məqsədləri ilə necə uzlaşır?”, - deyə nəşr yazıb.
Məqalənin sonunda bildirilir ki, 1997-ci ildə Vaşinqtonda səsləndirilən proqnoz bu gün faciəli hadisələrlə təsdiqlənmiş reallıqdır.
“İqtidarlar, siyasi qüvvələr arasındakı münasibətlər və regional şərait dəyişib, lakin Ermənistanın fundamental problemləri qalmaqdadır. Sülhün bərqərar olması, kommunikasiyaların açılması və iqtisadi təcridin aradan qaldırılması ölkəmizin inkişaf və təhlükəsizlik perspektivlərini müəyyənləşdirməkdə davam edir”, - deyə nəşr qeyd edib.
Nəşr vurğulayır ki, regionda yeni iqtisadi və siyasi münasibətlərin formalaşdığı bir vaxtda Ermənistanın bu proseslərdə iştirakı ardıcıl strategiya və dövlət maraqlarının aydın dərk edilməsini tələb edir.
“Hakimiyyət uğrunda mübarizə əvvəllər barışmaz mövqelərdə dayanmış siyasi qüvvələri birləşdirə bilər, lakin bu əməkdaşlıq onların tarixi məsuliyyətini və Ermənistanın gələcəyi ilə bağlı aydın alternativ təqdim etmək öhdəliyini aradan qaldırmır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu Ordu.az