Ermənistanın Rusiyadakı səfiri geri çağırıldığını təsdiqləyib


Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Qurqen Arsenyan geri çağırılması ilə bağlı məlumatları təsdiqləyib.
Ordu.az xəbər verir ki, Arsenyan “Hraparak” nəşrinə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə hər zaman konstruktiv yanaşdığını bildirib.
O, Yeni ilə qədər artıq Ermənistanda olacağını qeyd edib. Onun əvəzlənməsi qərarının səbəbi və hakimiyyətin gözləntilərini doğruldub-doğrultmadığı barədə suala cavabında Arsenyan bununla razılaşmayıb.
Erməni səfir bildirib ki, onun vəzifədə qalma müddəti başa çatıb və geri qayıdır. Müddətin niyə uzadılmadığı ilə bağlı sualı isə hökumətə ünvanlamağı təklif edib.
“Bəli, bu, siyasi qərardır, amma kim deyib ki, mən gözləntiləri doğrultmamışam? Bu sualları onlara ünvanlayın, qoy özləri cavab versinlər. İki il başa çatdı, məni iki il müddətinə təyin etmişdilər, müddət bitdi”, - deyə Arsenyan nəşrə bildirib.
Jurnalist səfirin yenidən təyin edilməməsinin onun Ermənistan hakimiyyətinin siyasi kursu ilə razılaşmaması və Ermənistan-Rusiya münasibətlərinə daha konstruktiv yanaşması ilə bağlı olub-olmadığını da soruşub.
Arsenyan cavabında konstruktiv olmağın onun işi və konstitusion vəzifəsi olduğunu bildirib.
“Mən Ermənistan-Rusiya münasibətlərinə hər zaman konstruktiv yanaşmışam. İstənilən səfir hər hansı ölkə ilə münasibətlərdə konstruktivlik prinsipi əsasında fəaliyyət göstərməlidir. Bu, bizim konstitusion öhdəliyimizdir. Fəaliyyətimiz konstruktiv münasibətlərin qurulmasına yönəlib”, - deyə o bildirib.
Daha əvvəl “Hraparak” nəşri Ermənistan hakimiyyətinin Moskvaya Avropa ölkələrində səfir vəzifəsində çalışmış, 2004-2010-cu illərdə NATO yanında Ermənistan nümayəndəsi olmuş 67 yaşlı Samvel Mkrtçyanı göndərmək qərarına gəldiyini yazmışdı. Mkrtçyan Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomyanın dayısıdır.
Nəşrin məlumatına görə, Rusiya tərəfi onun namizədliyinə aqreman verməyi gecikdirir. Hətta Rusiyanın Mkrtçyanın təyinatını təsdiqləməyə biləcəyi barədə məlumatlar yayılmışdı. Rusiya tərəfi isə bu xəbəri təkzib edib.
Arsenyan bu məlumatları şərh etmək istəməyib, yalnız nəşrin onun əvəzləyicisi ilə bağlı ciddi yanıldığını bildirib.
Xatırladaq ki, Qurgen Arsenyan 2024-cü il avqustun 14-də Ermənistanın Rusiyadakı səfiri təyin edilib. O, bu vəzifədə 2022-ci ilin yanvarından səfir olan Ermənistanın keçmiş müdafiə naziri Vağarsak Harutyunyanı əvəz edib.
Arsenyan deputat olduğu dövrdə bir sıra Rusiyaya qarşı bəyanatlar səsləndirib. Lakin səfir təyin edildikdən sonra diplomat kimi bundan sonra daxili siyasi mövqeyini ifadə etmək imkanlarının məhdud olduğunu, bunun siyasi təmkinlilik prinsipinin tələbi olduğunu bildirib.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə