Ermənistanın iqtisadiyyat naziri Moskvaya getmir: Səbəb nədir?


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-19-da Moskvada Avrasiya İqtisadi Birliyinin ticarət siyasəti və milli sənayelərin prioritet sahələri ilə bağlı məsləhətləşmələrdə iştirak etməli olsa da, səfərini ləğv edib.
Ordu.az xəbər verir ki, bu barədə Gevorq Papoyan noyabrın 17-də parlamentdə jurnalistlərlə söhbətində məlumat verib.
Erməni nazirin sözlərinə görə, görüşdə gömrük-tarif tənzimlənməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub, lakin tərəfdaş ölkələrin iki naziri son anda görüşdə iştirak edə bilməyib.
“Görüşdə nazirlərin gömrük-tarif tənzimlənməsi məsələlərini müzakirə etməsi nəzərdə tutulmuşdu, lakin tərəfdaş iki nazir son anda iştirak edə bilmədi. Buna görə də görüşün nazir səviyyəsində keçirilməməsinə qərar verildi. Bunun əvəzinə artıq orada olan nazir müavinləri görüşəcəklər”, - deyə Papoyan bildirib.
O, planlaşdırılan görüşün Ermənistan-Rusiya və ya Ermənistan-Avrasiya İqtisadi Birliyi münasibətlərində hansısa məsələnin aydınlaşdırılması ilə bağlı olmadığını vurğulayıb.
“Bu görüş Avrasiya İqtisadi Birliyinin yeni gömrük-tarif siyasətinin müəyyənləşdirilməsi ilə bağlı idi. Belə qərarın qəbul edilməsi üçün bütün ölkələrin konsensusu tələb olunur”, - deyə erməni nazir qeyd edib.
Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı sualları cavablandıran Papoyan yaxın vaxtlarda müsbət xəbərlərin olmasına çalışdıqlarını bildirib.
“Yaxın gələcəkdə müsbət xəbərlər əldə etmək üçün əlimizdən gələni edirik”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu Ordu.az