Ermənistanda yeni konstitusiya hazırdır – İrəvandan mühüm açıqlama


7 18.11.2026 17:35 Dünya A A
Ermənistanda yeni Konstitusiya layihəsinin hazırlanması başa çatıb. Sənədin yaxın vaxtlarda ictimai müzakirəyə çıxarılması gözlənilir.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlayıb.
Nazirin sözlərinə görə, yeni Konstitusiya layihəsi artıq tam hazırdır və hakim “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətinin iclasında da müzakirə olunub.
Papoyan bildirib ki, sənədlə bağlı 10-dan çox təklif irəli sürüb və onların böyük hissəsi qəbul edilib.
“Bəzi təkliflərim isə qəbul olunmadı. Həmkarlarım məni inandırdılar ki, onlar o qədər də yaxşı təkliflər deyil”, – deyə nazir qeyd edib.
O, layihənin dəqiq nə vaxt dərc olunacağını açıqlamayıb. Papoyanın sözlərinə görə, sənəd üzərində müəyyən redaktə işlərinin aparılması ehtimalı var.
Layihə ictimaiyyətə təqdim edildikdən sonra Ermənistan vətəndaşları da onunla bağlı rəy və təkliflərini bildirmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanla sülh prosesində də mühüm müzakirə mövzularından biridir. Bakı Ermənistanın mövcud Konstitusiyasında yer alan və Azərbaycan ərazilərinə iddialarla əlaqələndirilən müddəaların aradan qaldırılmasını davamlı sülh üçün vacib hesab edir.
Bununla belə, yeni layihənin həmin məsələləri necə tənzimlədiyi hələ məlum deyil.
Musavat.com