Ermənistanda pensiyaçılar minimum yaşayış səviyyəsindən uzaq düşüb: Hakimiyyət yaşlı vətəndaşları sosial təminatsızlıqla üz-üzə qoyur


“Ermənistanda minimum istehlak səbətinin aylıq dəyəri 85,1 min drama çatdığı halda, minimum pensiya cəmi 46 min dram təşkil edir”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Ermənistan yaşlılarının istehlak səbətinin əlçatmazlığı şəraitində sosial mübarizəsi” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edir ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin ən ağrılı və dərin problemlərindən biri yaşlı nəslin həyat səviyyəsi ilə dövlətin təmin etməli olduğu sosial müdafiə arasında böyük uçurumun mövcudluğudur. Bu fərq minimum istehlak səbətinin dəyəri ilə pensiyaların məbləği müqayisə edildikdə daha aydın görünür.
“Son statistik məlumatlara görə, Ermənistanda pensiyaçılar üçün minimum istehlak səbəti tamamilə əlçatmazdır. Onun aylıq dəyəri 85,1 min drama çatdığı halda, minimum pensiya cəmi 46 min dramdır. Bu iki rəqəmin sadə müqayisəsi acı reallığı üzə çıxarır. Dövlət tərəfindən müəyyən edilmiş minimum pensiya insanın bioloji mövcudluğu və ən aşağı sosial tələbatlarının ödənilməsi üçün rəsmi hesablamalara əsasən zəruri sayılan məbləğdən təxminən iki dəfə azdır”, - deyə nəşr yazıb.
Məqalədə vurğulanır ki, pensiyaçılar üçün həyati əhəmiyyət daşıyan alış-veriş, xüsusilə də ərzaq və tibbi xidmətlərə çəkilən xərclər mövcud maliyyə imkanları ilə qarşılanması mümkün olmayan problemə çevrilib.
“Bu, sadəcə statistik uyğunsuzluq deyil, sosial böhranın birbaşa əksidir. Onilliklər ərzində çalışan və dövlətin qurulmasına töhfə verən vətəndaş həyatının son mərhələsində maliyyə çıxılmazlığı ilə üzləşir, hətta rəsmi olaraq minimum hesab edilən həddə çatmaq imkanından məhrum olur”, - deyə “Past” qeyd edib.
Nəşr bildirir ki, ümumi istehlak səbətindən yalnız ərzaq məhsullarına aid hissə ayrıldıqda vəziyyət daha da dramatik xarakter alır. Belə ki, aylıq ərzaq səbətinin dəyəri 46 min dram təşkil edir. Bu isə minimum pensiyanın məbləği ilə eynidir.
“Bu rəqəmlərin üst-üstə düşməsi o deməkdir ki, pensiyaçı rəsmi minimum normalara uyğun qidalanmağa çalışarsa, aldığı pensiyanın hamısını ayın ilk günündən etibarən son qəpiyinə qədər yalnız ərzağa xərcləməlidir. Halbuki yaşlı insanın həyatı yalnız kalori qəbulundan ibarət deyil. Yaş artdıqca sağlamlıq problemləri, xroniki xəstəliklərin kəskinləşməsi və daimi dərman ehtiyacı da artır. Kommunal xərcləri isə hələ nəzərə almırıq”, - deyə məqalədə vurğulanıb.
Qəzetin yazdığına görə, ərzaq səbətinin 46 min dram olması pensiyaçıları dərman və tibbi xidmətlərə pul ayırmaq üçün qidalanmalarını məhdudlaşdırmağa məcbur edir.
“Pensiyaçılar kommunal ödənişlərə və dərmanlara pul saxlamaq məqsədilə sərt qidalanma rejiminə keçməli, sözün əsl mənasında gündəlik yemək paylarını azaltmalı olurlar. Bu məcburi “pəhriz” sağlam həyat tərzi seçimi deyil, aclıq və qidalanma çatışmazlığı sərhədində aparılan özünüməhdudlaşdırmadır. Yaşlı insan insanlıqdan kənar seçim qarşısında qalır: məsələn, qan təzyiqi və ya ürək-damar sistemi üçün həyati əhəmiyyət daşıyan dərmanı almaq, yoxsa gün ərzində ən zəruri qida ehtiyacını ödəmək?”, - deyə nəşr yazıb.
Məqalədə 2026-cı ilin üçüncü rübünə aid statistik göstəricilərə də diqqət çəkilir. Bildirilir ki, cari qiymətlərlə hesablanmış illik ərzaq səbətinin dəyəri 552 min dram, minimum istehlak səbətinin illik dəyəri isə 1 milyon dramdan çoxdur.
“Bir milyon dramı keçən illik istehlak səbəti psixoloji və iqtisadi baxımdan ciddi həddir. Bu göstərici inflyasiya prosesləri nəticəsində Ermənistanda yaşayışın nə qədər bahalaşdığını nümayiş etdirir. Halbuki 46 min dram minimum pensiya alan vətəndaşın illik gəliri düz 552 min dram təşkil edir. Bu məbləğ yalnız illik ərzaq səbətinin dəyərinə bərabərdir və ümumi istehlak səbətindən təxminən yarım milyon dram azdır”, - deyə qəzet qeyd edib.
Nəşrin hesablamasına əsasən, minimum pensiya alan şəxs il ərzində ən aşağı yaşayış şəraitini təmin etmək üçün 469 min dram kəsirlə üzləşir.
Məqalədə ərzaq səbətinin daxili strukturu da təhlil olunur. Bildirilir ki, adambaşına düşən illik ərzaq xərclərinin ən böyük hissəsi ət məhsullarına, xüsusilə mal ətinə sərf olunur. Bu məhsul üçün illik 166,3 min dramdan çox vəsait nəzərdə tutulub.
“Bu, bütün ərzaq səbətinin dəyərinin təxminən 30 faizini təşkil edir. Beləliklə, ət məhsulları pensiyaçının süfrəsində ən bahalı, eyni zamanda ilk növbədə ixtisar edilməli olan qida məhsuluna çevrilir. Xərc strukturunda ikinci yerdə illik 61,4 min dramla çörək dayanır. Onu 58,1 min dramla meyvə, 44,4 min dramla isə kərə yağı izləyir”, - deyə nəşr yazıb.
Qəzetin məlumatına görə, bu dörd əsas məhsul birlikdə illik ərzaq büdcəsinin yarıdan çoxunu, təxminən 330,2 min dramını təşkil edir. Digər məhsullar arasında süd üçün illik 33,9 min dram, balıq üçün 32,3 min dram, tərəvəz üçün 27,2 min dram, pendir üçün 24,4 min dram, kartof üçün isə 22,4 min dram nəzərdə tutulub.
Bundan başqa, dənli bitkilərə 16,9 min dram, yumurtaya 16,6 min dram, kəsmiyə 11,8 min dram, paxlalı bitkilərə 11,5 min dram, şəkərə 6,5 min dram, bitki yağına 6,4 min dram, marqarinə 4,4 min dram, makaron məhsullarına 4,3 min dram və una 3,2 min dram ayrılıb.
“Bu rəqəmlərin müqayisəsi mühüm qanunauyğunluğu ortaya çıxarır. Pensiyaçı kommunal ödənişlər və dərmanlar üçün 46 min dramından vəsait ayırmağa məcbur olduqda, təbii olaraq səbətin yuxarı hissəsində yerləşən bahalı zülal və vitamin mənbələrindən, yəni mal ətindən, balıqdan, kərə yağından, pendirdən və meyvələrdən imtina edir. Onun istehlakı çörək, kartof, makaron və marqarin kimi ucuz karbohidratlara və bitki yağlarına yönəlir”, - deyə “Past” yazıb.
Nəşr ərzaq məhsullarının maliyyə dəyəri ilə fiziki istehlak həcmləri arasındakı nisbətin də problemin mahiyyətini daha aydın göstərdiyini bildirir. Məqalədə qeyd olunur ki, rəsmi minimum ərzaq səbətinə əsaslanan gündəlik qidalanmanın enerji dəyəri 2412,1 kilokalori təşkil edir. Lakin bu kalorilərin əsas hissəsi çörəkdən əldə olunur.
“Gündəlik 2412,1 kilokalorinin ən böyük hissəsi, yəni 622,5 kilokalorisi yalnız çörəyin payına düşür. Bu, gündəlik enerji tələbatının dörddə birindən çoxdur. Müqayisə üçün, qida dəyəri baxımından mühüm olan mal əti, şəkər, bitki yağı, düyü, kartof, kərə yağı və süd kimi məhsullardan əldə edilən enerji 122-203 kilokalori arasında dəyişir. Mikroelement və vitaminlərlə zəngin meyvə-tərəvəzdən alınan enerji isə cəmi 87-96 kilokaloridir. Omeqa yağ turşuları və fosforla zəngin balıq məhsullarından əldə edilən enerji daha da az, cəmi 44,4 kilokaloridir”, - deyə nəşr vurğulayıb.
Məqalədə bildirilir ki, bu vəziyyət Ermənistanda, xüsusilə sosial baxımdan həssas pensiyaçılar arasında qidalanmanın əsasən çörək üzərində qurulduğunu göstərir.
“Bu cür qidalanma yaşlı insanlarda maddələr mübadiləsinin pozulmasına, şəkərli diabetin ağırlaşmasına, immunitetin zəifləməsinə və ürək-damar xəstəliklərinin dərinləşməsinə səbəb ola bilər. Bu problemlər isə yenidən əlavə dərman xərcləri tələb edir və yoxsulluqla xəstəlik arasında qapalı dövrə yaradır”, - deyə qəzet yazıb.
“Past” 2026-cı ilin üçüncü rübünün göstəricilərini 2025-ci ilin eyni dövrü ilə müqayisə edərək qiymət artımının təsirlərini də diqqətə çatdırır. Bildirilir ki, 2025-ci ilin eyni dövründə minimum istehlak səbətinin illik dəyəri 939,5 min dram, ərzaq səbətinin dəyəri isə 507,8 min dram olub. Həmin vaxt minimum istehlak səbətinin aylıq qiyməti 78,3 min dram, ərzaq səbətinin aylıq dəyəri isə 42,3 min dram təşkil edib.
“Bu rəqəmlərin müqayisəsi göstərir ki, cəmi bir il ərzində illik ərzaq səbəti 44,2 min dram, ümumi istehlak səbəti isə 81 min dramdan çox bahalaşıb. Aylıq hesablamada ərzaq səbətinin qiyməti 3,7 min dram, ümumi istehlak səbətinin dəyəri isə 6,8 min dram artıb”, - deyə nəşr qeyd edib.
Qəzetin fikrincə, bir il əvvəl 46 min dram pensiya alan yaşlı vətəndaşın ərzaq səbətini nəzəri olaraq qarşılamaq imkanı var idi. Həmin vaxt ərzaq səbətinin dəyəri 42,3 min dram olduğundan, pensiyaçının digər xərclər üçün cəmi 3,7 min dramı qala bilərdi.
“Bu qalıq da olduqca cüzi idi. Lakin 2026-cı ilin üçüncü rübündə pensiya ilə ərzaq səbətinin dəyərinin eyni, 46 min dram həddinə çatması pensiyaçılara normal qidalanmaq üçün belə heç bir seçim saxlamayıb. Tibbi xidmət və dərman xərclərini qarşılamaqdan isə söhbət belə gedə bilməz”, - deyə məqalədə vurğulanıb.
Nəşr istehlak səbətinin ərzaq olmayan hissəsinin də diqqətdən kənarda qaldığını bildirir. Bu hissənin aylıq dəyəri 39,1 min dramdır və kommunal xidmətlər, elektrik enerjisi, təbii qaz, içməli su, gigiyena vasitələri, geyim və ayaqqabı, nəqliyyat, eləcə də tibbi xidmət xərclərini əhatə edir.
“46 min dram pensiya alan şəxs üçün bu məbləğ yalnız ərzaq səbətinin nəzəri dəyərini qarşılaya bilər. Deməli, dövlət pensiyası ilə ərzaqdan kənar məhsul və xidmətlər üçün sıfır dram nəzərdə tutulur. Halbuki real həyatda yaşlı vətəndaşlar, bir qayda olaraq, ödənişlərə ən məsuliyyətlə yanaşan insanlardır. Onlar pensiyalarını alan kimi ilk növbədə kommunal borclarını ödəyir və ən zəruri dərmanları alırlar. Bundan sonra ərzaq üçün əllərində qalan pul ərzaq səbətinin dəyərindən iki, hətta üç dəfə az olur”, - deyə “Past” yazıb.
Məqalənin sonunda qəzet Ermənistanın mövcud pensiya sisteminin yaşlı vətəndaşların layiqli həyatını təmin etmək kimi əsas sosial vəzifəsini yerinə yetirmədiyini bildirir.
“Yaranmış sosial-iqtisadi vəziyyətin təhlili göstərir ki, Ermənistanda pensiya sistemi hazırkı məbləğlərlə özünün fundamental konstitusion və sosial missiyasını, yəni yaşlı vətəndaşın layiqli həyatını təmin etmək vəzifəsini yerinə yetirmir. Mövcud qiymətlər şəraitində minimum istehlak səbətinə uyğun xərcləri yalnız pensiya ilə yanaşı əməkhaqqı da alan işləyən pensiyaçılar qarşılaya bilirlər. Bu isə o deməkdir ki, insanlar hətta ahıl yaşlarında işləməyə məcbur qalırlar”, - deyə nəşr qeyd edib.
Qəzet vurğulayır ki, işləməyən pensiyaçılar bu həssas qrupun böyük əksəriyyətini təşkil edir və öz ehtiyaclarını müstəqil şəkildə qarşılamaq imkanından məhrumdurlar. Onlar övladlarının, qohumlarının və ya xaricdə yaşayan yaxınlarının maddi dəstəyindən asılı vəziyyətə düşürlər.
“Belə dəstək şəbəkəsi olmayan tənha yaşlı insanlar isə sadəcə ağır məhrumiyyətlərə məhkumdurlar. 85,1 min dramlıq istehlak səbəti şəraitində 46 min dramla yaşamaq iqtisadi hesablamaların çərçivəsindən kənara çıxan bir var olmaq mübarizəsidir”, - deyə “Past” yazıb.
Alpər Mövludoğlu Ordu.az