Ermənistanda 44 günlük müharibə zamanı itkin düşənlərin identifikasiyası üçün 4 005 sümük nümunəsi araşdırılıb


İtkin düşmüş şəxslərin taleyinə dair İrəvanda keçirilən beynəlxalq konfransda 44 günlük müharibədən sonra aparılan axtarış və identifikasiya işləri barədə məlumat verilib.
Ordu.az xəbər verir ki, bu barədə “Armenpress” nəşri məlumat yayıb.
İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib.
Ermənistan Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza elmi-praktiki mərkəzi” dövlət qeyri-kommersiya təşkilatının direktoru Artur Petrosyan məruzə ilə çıxış edərək hərbi əməliyyatlar nəticəsində yaranmış şəraitdə itkin düşmüş şəxslərin axtarışı və identifikasiyası çərçivəsində qurumları tərəfindən görülən işləri ətraflı təqdim edib.
“2020-ci ilin 44 günlük müharibəsi məhkəmə-tibbi ekspertiza mərkəzinin üzləşdiyi ən böyük sınaq idi. Ölənlərin və yaralananların sayı baxımından bu müharibənin miqyası hətta ən bədbin proqnozları belə xeyli üstələdi. Ölənlərin və yaralananların sayının çoxluğu hərbi əməliyyatların intensivliyi, eləcə də qarşı tərəfin ən müasir öldürücü silahlarından istifadə etməsi ilə bağlı idi.
Döyüş əməliyyatlarının başladığı ilk gündən məhkəmə-tibbi ekspertiza mərkəzi iki əsas istiqamətdə genişmiqyaslı işlər həyata keçirib. Bunlar hərbi əməliyyatlar zamanı və onların nəticəsində ölmüş hərbçilərin meyitlərinin məhkəmə-tibbi ekspertizası, həmçinin tanınmaz vəziyyətdə olan meyitlərdən və bədən hissələrindən götürülmüş bioloji mənşəli nümunələrdən sonradan identifikasiya məqsədilə DNT-nin ayrılması və profilləşdirilməsi işləri idi”, - deyə Petrosyan bildirib.
O qeyd edib ki, 44 günlük müharibə zamanı meyitlərin məhkəmə-tibbi ekspertizasına başlanılan ilk günlərdən mərkəzin infrastruktur imkanlarının, peşəkar və kadr potensialının çoxsaylı meyitlərin eyni vaxtda qəbul edilməsi, saxlanılması və yarılmasının vaxtında, sistemli şəkildə həyata keçirilməsi üçün kifayət etmədiyi məlum olub.
Petrosyan əlavə edib ki, Ermənistanda 44 günlük müharibə zamanı itkin düşənlərin identifikasiyası üçün 4 005 sümük nümunəsi araşdırılıb.
Alpər Mövludoğlu Ordu.az