Ermənistan Türkiyə sərhədinə aparan yollarda işlərin görülməsi üçün yardım istəyib


Ermənistan Türkiyə ilə sərhədə aparan avtomobil yollarının təmiri və yenidən qurulması layihələri üzrə Avropa İnvestisiya Bankından məsləhət dəstəyi almağı planlaşdırır.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, Ermənistan hökuməti noyabrın 19-da keçirilən iclasında ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi ilə Avropa İnvestisiya Bankı arasında məsləhət dəstəyinə dair əməkdaşlıq sazişinin imzalanması təklifini təsdiqləyib. Sazişin “Şərq Tərəfdaşlığı: Nəqliyyat infrastrukturu sahəsinə investisiyalar” təşəbbüsü çərçivəsində imzalanması nəzərdə tutulur.
Qeyd edilir ki, “Sülh kəsişməsi” (Zəngəzur dəhlizi-red.) təşəbbüsü çərçivəsində regional nəqliyyat infrastrukturunun inkişafı və Ermənistanın tranzit potensialının gücləndirilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmaların hazırlanması və avtomobil yollarının tikintisinə hazırlıq işlərinə başlanılıb.
Bu işlər M7 magistralının Gümrü-Spitak-Vanadzor-Dilican marşrutu üzrə Axurik kəndi yaxınlığındakı hissələrini, eləcə də Türkiyə ilə sərhəddə yerləşən Marqara sərhəd-keçid məntəqəsinin ərazisindən keçən Marqara-Vardanşen istiqamətindəki yolu əhatə edir.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib ki, Türkiyə ilə sərhədə aparan yolların əsaslı təmiri layihələri 1,5 ildən sonra hazır olacaq.
Saziş çərçivəsində M4 magistralının İrəvan-Göyçə-İcevan marşrutu üzrə prioritet hissələrində mümkün işlərin də qiymətləndirilməsi nəzərdə tutulur. Nəzərdən keçirilən yolların ümumi uzunluğu 30 kilometr təşkil edir.
Bu marşrutlar Ermənistan ərazisi vasitəsilə ölkənin şimalı ilə cənubu, eləcə də qərbi ilə şərqi arasında səmərəli əlaqə yarada biləcək xüsusi əhəmiyyətli yollar kimi qiymətləndirilir.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə