Ermənistan KTMT-dəki mövqeyini özü zəiflətdi: İrəvan öhdəliklərini yerinə yetirmədən səs hüququnu qorumağa çalışır


“Ermənistanı KTMT-dən çıxarmayıblar, təşkilat sadəcə üzvlük haqqını ödəməyən və fəaliyyətində iştirak etməyən ölkənin tamhüquqlu üzv olduğunu göstərməkdən imtina edib”.
Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Ritmeurasia.ru” nəşri yazıb.
Nəşr bildirir ki, noyabrın 11-də Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin sammiti İrəvanın son iki ildə israrla irəli sürdüyü mövqenin hüquqi nəticələrini rəsmiləşdirib. Məqalədə qeyd olunur ki, Ermənistan baş nazir Nikol Paşinyanın və onun ətrafının ifadə etdiyi yanaşmaya əsasən, təşkilatda iştirakını “dondurub”, lakin faktiki olaraq özünü təcrid edib.
“İndi Paşinyan hakimiyyəti israrla müdafiə etdiyi mövqeyin nəticəsini sözlə deyil, konkret qərarla, rəsmi şəkildə və müvafiq nəticələrlə əldə edib. Ermənistan KTMT-də səs hüququndan məhrum edilib. Bunun formal əsası təşkilatın nizamnaməsinin 25-ci maddəsidir. Həmin maddə üzvlük haqlarının uzun müddət ödənilməməsi ilə bağlıdır”, - deyə nəşr yazıb.
Məqalədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına da diqqət çəkilir. Onun sözlərinə görə, yaranmış vəziyyətə səbəb Ermənistanın hazırkı rəhbərliyinin təşkilat çərçivəsində üzərinə götürdüyü öhdəlikləri uzun müddət yerinə yetirməməsidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə sammitdə qəbul edilən qərarın mahiyyətini açıqlayaraq bildirib ki, söhbət KTMT Katibliyində vəzifələrə Ermənistan vətəndaşlarının namizədliyinin irəli sürülməsinin məhdudlaşdırılmasından və ölkənin səsvermə hüququndan məhrum edilməsindən gedir.
“Bununla belə, İrəvan əsas hüquqlarını, ilk növbədə kollektiv müdafiə hüququnu saxlayır. KTMT-nin baş katibi Talatbek Masadikov Ermənistanın təşkilatdan çıxarılması məsələsinin gündəmdə olmadığını vurğulayıb. Onun sözlərinə görə, borc ödənildikdən və dövlət başçıları müvafiq qərar qəbul etdikdən sonra ölkənin tamhüquqlu iştirakı bərpa edilə bilər”, - deyə nəşr qeyd edib.
Erməni siyasi şərhçi Karen İgityan “Lenta.ru” nəşrinə açıqlamasında baş verənləri məcburi tədbir və İrəvanın özünü təşkilatdan kənarlaşdırmasının texniki rəsmiləşdirilməsi kimi qiymətləndirib. Onun fikrincə, Ermənistan səsvermə hüququ olmayan müşahidəçi vəziyyətinə düşür, lakin üzvlüyün saxlanılması gələcəkdə geri qayıtmaq üçün imkan yaradır.
Məqalədə Ermənistanın bu vəziyyətə necə gəlib çatdığı da xronoloji ardıcıllıqla izah olunur. Bildirilir ki, 2022-ci ilin mayında Paşinyan KTMT-ni Qarabağa qoşun yeritmək barədə müraciətlərə məhəl qoymamaqda ittiham edib.
“Bununla yanaşı, Ermənistan rəhbərliyi “Qarabağı ölkənin suveren ərazisi” kimi tanımayıb. Noyabr 2023-cü ildə Paşinyan Minskdə keçirilən sammitdə iştirak etmədi. 2024-cü ilin fevralında France 24 telekanalına müsahibəsində KTMT-də iştirakın “dondurulduğunu” elan etdi, mart ayında isə təşkilatdan çıxmağın mümkünlüyünü gündəmə gətirdi. Daha sonra İrəvan təşkilatın illik büdcəsinin 10 faizini təşkil edən üzvlük haqqının ödənilməsini dayandırdı”, - deyə nəşr yazıb.
Məqalədə qeyd olunur ki, 2024-cü ilin sentyabrında Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyi, mövcudluğu və suverenliyi üçün təhdid yaratdığını bəyan edib. 2026-cı ilin avqustunda təşkilatdan çıxarılacağı təqdirdə bundan məmnun olacağını bildirib, noyabrın 5-də isə KTMT-yə marağın tükəndiyini söyləyib.
Nəşrin yazdığına görə, Ermənistan rəhbərliyi təşkilatdan könüllü şəkildə çıxmaqdan imtina edir. Siyasi şərhçilər hesab edirlər ki, Paşinyan qeyri-müəyyən vəziyyətdə qalmağa və KTMT-ni fəaliyyətsizlikdə ittiham etməyə üstünlük verir.
“Çünki təşkilatdan rəsmən çıxmaq və Azərbaycanla hərbi əməliyyatların yenidən başlaması ehtimalı yaranacağı təqdirdə bunun məsuliyyətini daşımaq İrəvan üçün daha çətin ola bilər”, - deyə nəşr bildirib.
Erməni ekspert Karen İgityanın qiymətləndirməsinə görə, Paşinyanın hazırda KTMT-dən çıxmaq müqabilində əldə edə biləcəyi Qərbin möhkəm təhlükəsizlik təminatları yoxdur.
“Məhz buna görə təşkilatın qərarı İrəvanda təqdim edilə biləcəyi kimi “qovulma” deyil, güzgü effekti verən cavabdır. KTMT sadəcə Ermənistan hakimiyyətinin özünün etdiklərini rəsmiləşdirib: üzvlük haqqını ödəməyi dayandırıb, iştirakdan imtina edib və öhdəliklərini tanımaq istəməyib”, - deyə İgityan vurğulayıb.
Məqalədə Ermənistanın səsvermə hüququndan məhrum edilməsinin düzgün qərar olduğu bir neçə arqumentlə əsaslandırılır. Birinci arqument təşkilat daxilində nizam-intizam və üzvlük öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır.
“İllərlə bir təşkilatın üzvü olmaq, üzvlük haqqını ödəməmək və eyni zamanda onun gündəliyinə təsir göstərmək hüququ tələb etmək olmaz. Ermənistanın yalnız 2026-cı il üzrə borcu təxminən 57 milyon rubl təşkil edir, ümumi borc isə 165 milyon rublu keçə bilər. Bu, mücərrəd məsələ deyil. Üzvlük haqları hərbi qruplaşmaların missiyalarının maliyyələşdirilməsinə yönəldilir. Kollektiv müdafiədən istifadə etmək istəyirsənsə, onu təmin edən strukturları və mexanizmləri maliyyələşdirməlisən”, - deyə məqalədə bildirilib.
İkinci arqument Paşinyanın təşkilata münasibəti ilə əlaqələndirilir. Nəşr hesab edir ki, Ermənistanın KTMT-də qalmaqla yanaşı, təşkilatın ölkənin suverenliyinə təhdid yaratdığını bəyan etməsi tərəfdaşlıq deyil, üzvlük pərdəsi altında siyasi təxribatdır.
“Ermənistanın müdafiə hüququnu saxlayaraq səsvermə hüququndan məhrum edilməsi mümkün olan ən yumşaq reaksiyadır. İrəvanı qapıdan bayıra çıxarmayıblar, sadəcə sükanı ona verməyi dayandırıblar”, - deyə nəşr yazıb.
Müəllif yazıb ki, üçüncü arqument Ermənistanın təşkilatdan tamamilə çıxarılmasının Rusiyaya qarşı qüvvələrə siyasi üstünlük verə biləcəyi ilə bağlıdır. Nəşrin fikrincə, belə bir addım Paşinyan hakimiyyətinə Cənubi Qafqazda Moskvanın təsirinin zəiflədiyini iddia etmək üçün əsas verə, Rusiyanı regiondan sıxışdırmaq niyyətini bəyan edən Qərb üçün isə əlverişli nəticə yarada bilər.
“Ermənistanın “dondurulmuş” statusda saxlanılması ən real seçimdir. Qapı açıq qalır, lakin borclar ödənilənə qədər stullar götürülüb”, - deyə məqalədə vurğulanıb.
Dördüncü arqument isə bunun Ermənistanın özü üçün müəyyən təhlükəsizlik təminatı olmasıdır. Nəşr hesab edir ki, KTMT-də de-yure üzvlüyün saxlanılması Rusiya-Ermənistan təhlükəsizlik münasibətləri sisteminin bir hissəsidir və təşkilatdan çıxmaq həmin sistemi dağıda bilər.
“İrəvan təşkilatın tərkibində qaldığı müddətdə kollektiv müdafiə hüququna nəzəri baxımdan malikdir. Əlaqələrin tamamilə kəsilməsi Ermənistanı bu imkandan da məhrum edərdi”, - deyə nəşr qeyd edib.
Məqalədə Ermənistan hakimiyyətinin qərbyönümlü siyasəti də tənqid olunur. Nəşrin iddiasına görə, bu siyasət təhlükəsizliyin onu satmağa hazır olmayan tərəflərdən əldə edilə biləcəyi illüziyasına əsaslanır.
“İrəvan KTMT-də iştirakını dondurub, üzvlük haqlarını ödəməkdən imtina edib, təşkilatı açıq şəkildə nüfuzdan salıb, lakin bunun müqabilində Qərbdən heç bir təhlükəsizlik təminatı almayıb. Əldə edilənlər yalnız Qərb telekanallarına müsahibələr və iqlim konfranslarında iştirakdan ibarət olub”, - deyə nəşr yazıb.
Məqalədə sammitin keçirildiyi noyabrın 11-də Paşinyanın təşkilatda ölkəsinin gələcəyinin müzakirə olunduğu vaxt Antalyaya COP31 tədbirində iştirak etmək üçün getməsi də diqqətə çatdırılır.
Nəşrin qənaətinə görə, nəticə aydındır: Ermənistan KTMT-də təsir imkanlarını itirib, səsvermə hüququ olmayan müşahidəçi vəziyyətinə düşüb. Kollektiv müdafiə hüququ yalnız formal şəkildə saxlanılıb, İrəvan isə təşkilatın gündəliyinə təsir göstərmək imkanından məhrum olub.
“Əsas dərs budur: təşkilat Ermənistanı qovmayıb. Sadəcə üzvlük haqqı ödəməyən və fəaliyyətində iştirak etməyən üzvün tamhüquqlu iştirakçı olduğunu göstərməkdən imtina edib. İrəvan səsvermə hüququnu bərpa etmək istəyirsə, yol məlumdur: borcu ödəmək və fəaliyyətə qayıtmaq. Əks halda, qeyri-müəyyən vəziyyət Paşinyan nəticələrə görə cavab verməli olana qədər davam edəcək”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu Ordu.az