Erməni nazir: “Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəz etmək istədiyimizi kim deyib?”


Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkəsinin həm Avropa İttifaqına, həm Avrasiya İqtisadi Birliyinə, həm də Yaxın Şərq və digər bazarlara ixracı artırmaq niyyətində olduğunu bildirib.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 18-də parlamentdə jurnalistlərə açıqlamasında deyib.
Papoyan bildirib ki, iqtisadiyyat naziri kimi onun əsas məqsədi Ermənistanın ixrac həcmini həm Avropa İttifaqı, həm Avrasiya İqtisadi Birliyi, həm də Yaxın Şərq bazarlarında artırmaqdır.
“Qarşıya məqsəd qoymuşam ki, gələn il Avropa İttifaqına, Avrasiya İqtisadi Birliyinə, Yaxın Şərq ölkələrinə və Çinə daha çox məhsul ixrac edək. Yəni biz heç vaxt burada ziddiyyət görməmişik.
Bəs kim deyib ki, biz Avrasiya İqtisadi Birliyini Avropa İttifaqı ilə əvəz etmək istəyirik? Biz Avropa İttifaqında daha çox, Avrasiya İqtisadi Birliyində də daha çox məhsul satmaq istəyirik. Əlbəttə, bu mümkündür.
Bu il Avropa İttifaqına ixracımızı əhəmiyyətli dərəcədə artırmışıq. Avrasiya İqtisadi Birliyi istiqamətində isə bəzi məhsullar üzrə azalma var, bəziləri üzrə isə yoxdur. Nəticə etibarilə, Avrasiya İqtisadi Birliyi yalnız Rusiya bazarından ibarət deyil, buraya Qazaxıstan da daxildir”, - deyə erməni nazir bildirib.
Papoyan qeyd edib ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində tranzitlə bağlı bəzi problemlər mövcuddur.
Onun sözlərinə görə, Ermənistanın əsas məqsədi 2027-ci ildə Ermənistan mənşəli məhsulların Avropa İttifaqına, ABŞ-yə, Avrasiya İqtisadi Birliyinə, Yaxın Şərqə və Çinə ixracını artırmaqdır.
“Harada buna nail olacağımızı, harada isə bacarmayacağımızı həyat göstərəcək. Lakin yaxın qonşularımızdan tutmuş dünyanın ən uzaq ölkəsinə qədər ixracı artırmaq məqsədimiz olmayan heç bir iqtisadi zona yoxdur”, - deyə Papoyan bildirib.
Alpər Mövludoğlu Ordu.az