Ərəb ölkəsi GTA VI oyununu qadağan etməyə hazırlaşır


İordaniya hakimiyyəti uşaqların təhlükəsizliyini qorumaq məqsədilə “Grand Theft Auto VI” (GTA VI) kompüter oyununun ölkədə yayımını və istifadəsini qadağan etməyi planlaşdırır.
Tiraj.az xəbər verir ki, bu barədə ölkənin Telekommunikasiya Tənzimləmə Komissiyasının rəhbəri Lara Əl-Xatib açıqlama verib. Onun sözlərinə görə, qurum oyunun rəsmi şəkildə bloklanması üçün aidiyyəti dövlət strukturları ilə məsləhətləşmələr aparır.
Əl-Xatib bildirib ki, müasir kompüter oyunları artıq sadəcə əyləncə vasitəsi deyil, dünyanın müxtəlif ölkələrindən olan istifadəçilərin səsli və yazılı çatlar vasitəsilə birbaşa ünsiyyət qura bildiyi interaktiv rəqəmsal məkanlara çevrilib.
Komissiya hesab edir ki, bu cür imkanlar, xüsusilə azyaşlı istifadəçilər üçün davranış və təhlükəsizlik baxımından müəyyən risklər yaradır.
Qurumdan bildirilib ki, mövcud yaş məhdudiyyətləri uşaqların oyuna girişinin qarşısını almaq üçün kifayət etmir. Çünki sərt texniki maneələrin olmaması yetkinlik yaşına çatmayanların oyunu asanlıqla yükləməsinə imkan verir.
Bu səbəbdən İordaniyada GTA VI-nın ölkə ərazisində bloklanmasını təmin edəcək monitorinq və məhdudlaşdırma sisteminin hazırlanması nəzərdə tutulur. Qadağanın nə vaxt qüvvəyə minəcəyi isə hələ açıqlanmayıb.
Qeyd edək ki, GTA VI noyabrın 19-da satışa çıxarılıb və ilk sutkada 3,79 milyard dollar gəlir əldə edərək satış rekordu qırıb. Büdcəsi 1 milyard dollar olan oyun tarixdə ən bahalı videooyun hesab olunur. Seriyanın əvvəlki hissəsindən isə 13 il sonra təqdim edilib.
Arif
