Endirim yarışı şirkətlərin qazancını necə dəyişir? – Görünməyən itkilər


Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Endirim kampaniyaları şirkətlərin müştəri cəlb etmək və satış həcmini artırmaq üçün ən çox istifadə etdiyi marketinq alətlərindən biridir. Mövsümi endirimlər, xüsusi təkliflər, faiz güzəştləri və “1 alana 1 hədiyyə” kampaniyaları müxtəlif sektorlarda geniş tətbiq olunur. Lakin endirim dövründə satışların artması şirkətin ümumi gəlirinin və mənfəətinin də yüksəlməsi demək deyil. Bu baxımdan qiymət güzəştlərinin biznesin satış göstəricilərinə, mənfəət marjasına və müştəri davranışına təsiri müzakirə mövzusudur.
Marketoloq Seymur Quliyev Banco.az-a bildirir ki, endirim yeni müştərilər cəlb edə, alış qərarını sürətləndirə və anbarda qalan malların satılmasına kömək edə bilər.
“Məsələn, qışın sonunda geyim mağazası endirim etməklə qalan gödəkçələri satır, yeni mövsümün məhsulları üçün həm yer açır, həm də pul əldə edir. Amma daha çox məhsul satmaq həmişə daha çox qazanmaq demək deyil. Gəlir satışdan daxil olan puldur, mənfəət isə xərclər çıxıldıqdan sonra qalan məbləğdir.
Sadə bir nümunəyə baxaq. Mağaza bir məhsulu 60 manata alıb 100 manata satır. Hər məhsuldan alış xərcini çıxandan sonra 40 manat qalır. Belə məhsuldan 100 ədəd satıldıqda satış gəliri 10 000 manat, qalan məbləğ isə 4 000 manat olur.
Mağaza 20 faiz endirim etdikdə satış qiyməti 80 manata, hər məhsuldan qalan məbləğ isə 20 manata düşür. Endirim nəticəsində 150 məhsul satılsa, satış gəliri 12 000 manata yüksələr, amma qalan məbləğ 3 000 manata enər. Yəni satılan məhsulların sayı və satış gəliri artır, qazanc isə azalır. Burada icarə, əməkhaqqı və digər xərclər hələ çıxılmayıb. Alış qiyməti dəyişməzsə, əvvəlki 4 000 manatı saxlamaq üçün 200 məhsul satılmalıdır. Kampaniya əlavə xərc yaradırsa, daha çox satış lazım gəlir”.
O deyir ki, ilk risk endirimin qazancı həddindən artıq azaltmasıdır: ““1 alana 1 hədiyyə” kampaniyasında da hədiyyənin şirkət üçün xərc olduğu unudulmamalıdır. Məsələn, yuxarıdakı məhsuldan ikisi 100 manata verilərsə, onların alış xərci 120 manat olduğuna görə mağaza digər xərcləri hesablamadan belə 20 manat zərər edər.
Digər risk müştərinin endirimə alışmasıdır. Davamlı kampaniya görən alıcı adi qiymətə almaq əvəzinə növbəti endirimi gözləyə bilər. Bəzi müştərilər isə gələn ay alacaqları məhsulu bu ay alırlar. Bu halda kampaniya dövründəki artımın bir hissəsi sonrakı ayın satışı hesabına yaranır. Ona görə şirkət kampaniyadan əvvəl minimum satış qiymətini, bütün əlavə xərcləri və nə qədər məhsul satmalı olduğunu hesablamalıdır. Kampaniyadan sonra isə əldə qalan qazancı, yeni müştərilərin yenidən alış edib-etmədiyini və sonrakı dövrün satışlarını da qiymətləndirməlidir”.
