"Ən böyük siqnal odur ki, hazırda futbolçular milliyə dəyər verirlər" - Ayxan Abbasov iradlara da münasibət bildirdi


Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Andorra yığmasına qarşı ilə bu gün keçirəcəyi yoldaşlıq oyunundan öncə AFFA-nın baş katibi Cahangir Fərəcullayev ilə birlikdə "Misli"nin dəstəyi ilə ölkə xaricinə ezam olunmuş jurnalistlərlə masa arxasında söhbətləşib.
O, Fanat.Az-ın əməkdaşının da qatıldığı görüşdə öncə seçməmizin qol epizodlarını dəyərləndirməklə bağlı problemləri barədə sualı cavablandırıb danışıb:
"Üst-üstə 30-35 məşq olub. Komandada 35 məşq alınıbsa, bu, çox deyil. Bu sayda məşqlə nələrisə "oturtmaq" çox çətindir. Amma biz ümumi götürəndə bu gün milli komandada çox dəyişiklik edə bilmirik. Aşağı-yuxarı əsas heyətdə 8-9 futbolçu həmişə olur və o dəsti-xətt yavaş-yavaş formalaşır. Komanda mənim nə istədiyimi bilir. O dediyimiz az sayda epizodlar olur ki, onu dəyərləndirə bilmirik. Bu da fərdi keyfiyyətlərin, belə deyək, zəif olmasından irəli gəlir.
Bəzən deyirlər ki, niyə yoldaşlıq görüşləri üçün zəif rəqiblər seçmisiniz? Bu iradı qəbul etmirik ki, çünki biz də zəiflərin içindəyik. Yay toplanışında Sloveniyadan, Slovakiyadan - müxtəlif yığmalardan xahiş etdik, heç kim bizimlə oynamaq istəmədi. Reallıq var. Biz özümüzün harada olduğumuzu qəbul etməliyik".
Ayxan bəy azarkeşlərin millidən narazı olmasına belə münasibət bildirib: "Bu gün deyirik ki, azarkeşlər narazıdır. Mən də narazıyam! Yəni bizim azarkeşlər nə vaxt gəldi stadiona? Nəticə olanda da gəlmirlər. Millinin Bakıda boş tribunalar önündə oynaması ayıbdır. Litvanın azarkeşi bizdən çox idi. Özümüz də getdik Litvaya, bəyəndik Litvanı. Həmin gün basketbol yarışı da var idi, amma 5 min azarkeş var idi stadionda.
Yəni bu gün bizdə azarkeş də Çempionlar Liqasını, Avropa Liqasını izləyir. Milli komanda Fransa ilə oynayanda deyirlər, niyə Fransa ilə oynayır? Yəni bu gün azarkeş real bir şey istəmir. Hə, "Sabah"ı, “Qarabağ”ı misal çəkirlər. Bilirik ki, “Qarabağ”da oyunçu keyfiyyəti yüksəkdir. Bu komandada milyonluq, yarım milyonluq oyunçular oynayır. Hazırda təbii ki, millimizdə belə oyunçular yoxdur. Bu gün bizdə Gürcüstandakı legionerlər olsa, azarkeşlər bizdən dünya çempionu olmağı istəyəcək. Reallıq budur. Azərbaycanlı futbolçu Rumıniyaya gedir və formasını geyindiyi klubda əsas heyətə düşə bilmir. Kosovoda oynayan legionerimizdən isə bəh-bəhlə danışırıq. Kosovo çempionatı bizim çempionatın heç 50 faizi də deyil. Albaniya çempionatı da həmçinin... Bu reallıqları qəbul etmirik, təəssüf ki".
Abbasov Mİllətlər Liqasındakı mübarizənin ardından yoldaşlıq oyunu üçün Andorranın seçilməsinə də toxunub: "Bizimlə yalnız Andorra oynamaq istədi. Biz də istəyirdik evə gedək, kimsə Bakıya gəlsin, amma heç kim gəlmək istəmir. Çünki biz bu problemi aradan qaldırmaq üçün C Liqasına çıxmalıydıq. Hələ orada da yaxşı nəticə etməliyik ki, güclü rəqiblər də bizimlə oynamaq istəsin. D Liqasındakı dörd oyunu götürsək, bütün qarşılaşmalarda statistika baxımından üstün oynamışıq. Hə, bir mənfi cəhətimiz var: çox qol vura bilməmişik. Rəqiblərimizdən zəif təsir bağışlasaydıq, başqa məsələ... Litvanı götürsək, eyni səviyyədəyik və bu rəqib ilə hər iki oyunda da onlardan zəif görünmədik. Əslində, səfərdəki matçda da (1:1) qol epizodlarımız oldu. Orada da qalib gəlməliydik.
Ən böyük siqnal odur ki, hazırda futbolçular milliyə dəyər verirlər. Futbolçular millidə, üzr istəyirəm, yola vermirlər. Bunun maliyyə, "premiya"ya aidiyyatı yoxdur. Yaxşı ab-hava, yaxşı bir ortam var".
Əli Sahib
