Elnur Məmmədov: "Süni intellekt əsrində beynəlxalq əməkdaşlığı gücləndirməliyik"


Süni intellekt əsrində beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.
Ordu.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, süni intellekt innovasiya, inkişaf və daha güclü kibermüdafiə üçün qeyri-adi imkanlar təqdim edir:
"Bizim vəzifəmiz riskləri aradan qaldırarkən onun faydalarını əldə etməkdir. Xüsusilə ciddi çətinliklərdən biri inandırıcı saxta məzmunun - biz buna "deepfake" deyirik - yaradılmasıdır. Yəni bununla səs klonlaşdırıla bilər, video manipulyasiya edilə bilər və bir fikir dövlət rəsmisinə səhvən aid edilə bilər".
Nazir müavini bu xüsusda nümunə də göstərib:
"2025-ci ilin iyununda süni intellekt tərəfindən yaradılmış səsli mesajlardan istifadə edilən saxta kimliyə bürünmə kampaniyası çərçivəsində üç xarici işlər naziri hədəf alınmışdı. Bu, kimin danışdığını yoxlamağın rəqəmsal kommunikasiyanın nə üçün vacib bir hissəsinə çevrildiyini göstərir".
E.Məmmədov qeyd edib ki, kiberhücumların həyata keçirilmə sürəti dövlətlərin bu hücumlar barədə məlumat mübadiləsi sürətini xeyli üstələməkdədir.
Ordu.az
Dərc vaxtına görə