Elnur Məmmədov: “Kiberhücumların sürəti dövlətlər arasında məlumat mübadiləsinin sürətini üstələyə bilər”


Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov kibertəhlükəsizlik sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsinin, operativ məlumat mübadiləsinin və qarşılıqlı etimadın artırılmasının vacibliyini vurğulayıb.
ANZ.AZ xəbər verir ki, nazir müavini bu barədə kiberdiplomatiyaya həsr olunmuş konfransda çıxışı zamanı danışıb.
Elnur Məmmədov bildirib ki, süni intellekt vasitəsilə hazırlanmış saxta məzmun diplomatik münasibətlər üçün ciddi risklər yaradır. O, 2025-ci ilin iyununda xarici işlər nazirlərinin süni intellektlə yaradılmış səs mesajları vasitəsilə şəxsiyyətin təqlid edilməsi kampaniyasının hədəfinə çevrilməsini nümunə göstərib.
Nazir müavininin sözlərinə görə, bu hadisə diplomatik kommunikasiyalarda danışan şəxsin kimliyinin yoxlanılmasının nə qədər vacib olduğunu göstərir. Saxtalaşdırılmış məzmun siyasi gərginliyi artıra, danışıqlara xələl gətirə və beynəlxalq əməkdaşlığa ictimai dəstəyi zəiflədə bilər. Hətta saxtakarlıq üzə çıxarıldıqdan sonra belə, onun yaratdığı etimadsızlıq uzun müddət davam edə bilər.
Elnur Məmmədov “CrowdStrike” şirkətinin 2026-cı il Qlobal Təhdidlər Hesabatına istinad edərək bildirib ki, 2025-ci ildə müşahidə olunan kiberhücumlar zamanı hücum edənlərin ilkin ələ keçirilmiş sistemdən digər sistemlərə keçməsi orta hesabla 29 dəqiqə çəkib. Qeydə alınmış ən sürətli hallardan birində isə bu müddət cəmi 27 saniyə olub.
Onun sözlərinə görə, bu göstəricilər müdafiə tərəfinin tədbir görmək üçün nə qədər az vaxta malik olduğunu nümayiş etdirir.
Nazir müavini vurğulayıb ki, kiberhücumların həyata keçirilmə sürəti dövlətlərin həmin hücumlarla bağlı məlumat mübadiləsi sürətini əhəmiyyətli dərəcədə üstələyə bilər. Xəbərdarlıq müvafiq təsdiq prosedurlarından keçənədək hücum edənlər mövcud zəifliklərdən istifadə edə bilərlər.
Elnur Məmmədov bu fərqin aradan qaldırılması üçün üç istiqamətdə fəaliyyətin vacibliyini qeyd edib.
Birinci istiqamət böhran başlamazdan əvvəl xəbərdarlıq etməyə imkan verən etibarlı əlaqə kanallarının yaradılmasıdır. Onun fikrincə, diplomatik əlaqələr və milli kiberinsidentlərə cavab qrupları təhlükəsiz, mütəmadi sınaqdan keçirilən mexanizmlərlə əlaqələndirilməlidir.
İkinci istiqamət operativ məlumat mübadiləsi üçün razılaşdırılmış prosedurların hazırlanmasıdır. Erkən xəbərdarlıqlar təhlükələri müəyyən etməli, düzəldici tədbirlər tövsiyə etməli və hansı məsələlərin hələ də qeyri-müəyyən olduğunu aydın göstərməlidir. Belə xəbərdarlıqların paylaşılması hücuma görə kimin məsuliyyət daşıdığına dair yekun qiymətləndirməni gözləməməlidir.
Üçüncü istiqamət isə müntəzəm əməkdaşlıq vasitəsilə etimadın gücləndirilməsidir. Birgə təlimlər, ekspert mübadiləsi və texnologiya şirkətləri arasında birbaşa əlaqələr rəsmi öhdəliklərin praktik əməkdaşlığa çevrilməsinə kömək edə bilər.
Nazir müavini tənzimləmənin də mühüm rol oynadığını bildirib. O, Avropa İttifaqının Süni İntellekt Aktını, xüsusilə süni intellektlə yaradılmış məzmunun işarələnməsi və “deepfake” materialların açıqlanması ilə bağlı şəffaflıq tələblərini nümunə göstərib.
Elnur Məmmədov qeyd edib ki, bu cür yanaşmalar sərhədlərarası əməkdaşlıq, texnologiya təminatçıları ilə qarşılıqlı fəaliyyət və ictimai məlumatlılığın artırılması ilə dəstəklənməlidir.
Çıxışında Azərbaycanın kibertəhlükəsizlik sahəsində fəaliyyətinə də toxunan nazir müavini bildirib ki, ölkəmiz 2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası çərçivəsində milli kiberdavamlılığını gücləndirir.
O qeyd edib ki, Azərbaycan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk imzalayan və ratifikasiya edən ölkələr sırasında olub və Budapeşt Konvensiyasının iştirakçısıdır.
Azərbaycanın BMT-nin informasiya-kommunikasiya texnologiyalarının təhlükəsizliyi üzrə Açıq Tərkibli İşçi Qrupunun fəaliyyətində fəal iştirak etdiyini bildirən Elnur Məmmədov qrupun yekun hesabatının konsensusla qəbul edilməsini müsbət qiymətləndirib.
Nazir müavini yeni yaradılmış qlobal mexanizm çərçivəsində dialoqun davam etdirilməsini dəstəklədiklərini bildirib.
Çıxışının sonunda Elnur Məmmədov vurğulayıb ki, süni intellekt mövcud təhdidləri sürətləndirir və buna görə də dövlətlər qarşılıqlı etimadın qurulmasına, məlumat mübadiləsinə və ümumi təhlükəsizliyin əsasını təşkil edən əməkdaşlığın qorunmasına eyni təxirəsalınmazlıqla yanaşmalıdırlar.
Dərc vaxtına görə
