Elçin Əsgərov: İraq türkmanlarının parlamentdə və hökumətdə təmsilçiliyi əhalinin sayına uyğun olmalıdır


Bakı, 19 noyabr, AZƏRTAC
İraqda yaşayan türkmanlar ölkənin mühüm etnik qruplarından biridir. Bununla belə, onların parlamentdə və hökumətdə təmsilçiliyi əhalinin sayına nisbətdə xeyli aşağıdır. Bu vəziyyət türkmanların hüquq və maraqlarının daha geniş müdafiəsinə, ictimai-siyasi həyatda iştirak imkanlarının artırılmasına ehtiyac olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin Əsgərov “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, əsas diqqət çəkilməli məqam türkmanların ölkənin siyasi idarəçiliyində təmsilçilik səviyyəsidir.
“İraqda 7,5 milyon kürd, təxminən 4 milyon türkman yaşayır. Hər ikisi dost xalqlardır. Lakin mövcud vəziyyətə diqqət çəkmək istəyirəm. 7,5 milyonluq kürd əhalinin parlamentdə 50 deputatı olduğu halda, 4 milyon türkmanın cəmi 7 deputatı var. Hökumətdə kürdlərin 7 naziri, həmçinin kürd xalqının nümayəndəsi olan prezidenti var. Türkmanların isə cəmi bir naziri var və o da türkmanların milli məsələləri ilə məşğul olur. Bu göstəricilər İraq türkmanlarının hazırkı siyasi təmsilçilik vəziyyətini aydın göstərir”, – deyə Elçin Əsgərov qeyd edib.
Onun sözlərinə görə, bu gün İraq türkmanlarının öz hüquqlarını daha geniş şəkildə həyata keçirmələri və ölkənin siyasi-ictimai həyatında layiqli yer tutmaları üçün dəstəyə ehtiyacı var.
“Əsas istəyimiz İraqda yaşayan türkmanların hüquqlarının təmin olunması, onların da parlamentdə, hökumətdə və ölkənin ictimai həyatında layiqli şəkildə təmsil edilməsidir. Biz bu məsələyə diqqət göstərməli, soydaşlarımızın haqlarının qorunmasına dəstək verməliyik”, – deyə E.Əsgərov vurğulayıb.
Fotoqraf - Aydın Məmmədov