"EGE Hospital"dan şikayət: edilməyən əməliyyat üçün alınan 6500 manatı qaytarmırlar


19:57 / 22.11.2026
"EGE Hospital"dan şikayət var. Bildirilir ki, hospitalda xəstə Qasımova Maya Əli qızının əməliyyatı üçün ödəniş edilib, lakin nə əməliyyat olub, nə də ödəniş geri qaytarılır.
AFN.az-a müraciət edən xəstə yaxınlarının sözlərinə görə, oktyabrın 2-də M.Qasımova adıçəkilən hospitala yerləşdirilib. Burada diaqnoz qoyulub və EFM+ablasiya əməliyyatı üçün 6500 manat ödəniş istənilib. Ödəniş edildikdən sonra həmin gün saat 20:20-də əməliyyat başlayıb: "1.5 saatdan sonra həkim Ramil Hacıyev əməliyyatı yarımçıq qoyaraq KT müayinəsi adı ilə xəstəni əməliyyat otağından çıxartdı. Bildirdi ki, xəstənin damarını zədələmiş ola bilərik, ona görə KT müayinəsi lazımdır. Müayinədən sonra damara xətər dəymədiyini desə də, əməliyyatı davam etdirmədi. Dedi ki, xəstənin ürəyi çox zəifdir, damarlar əməliyyat üçün uyğun deyil. Beləliklə, xəstə əməliyyat olunmadan xəstəxanadan çıxarıldı, amma edilən ödəniş geri qaytarılmadı".
Əməliyyatı etməli olan həkim Ramil Hacıyevlə danışıb məsələyə aydınlıq gətirmək istədik, lakin Ramil həkim klinika ilə danışmağımızı, məsələyə onların aydınlıq gətirməli olduğunu dedi.
Klinikanın mövqeyini almağa çalışacağıq.
AFN.az
1 mənbə
