Dünyanın ən nadir yırtıcısı avtomobil yoluna çıxdı: Görüntülər yayıldı


Rusiyanın Primorye diyarında "Qırmızı kitab"a düşmüş Uzaq Şərq bəbiri avtomobil yolunun kənarına çıxaraq kameralara tuş gəlib.
32gun.az bildirir ki, "Amur Mash" "Telegram" kanalının məlumatına görə, dünyanın ən nadir iri yırtıcısı hesab olunan bu heyvan Razdolnoye — Xasan avtomobil yolunun yaxınlığında, Kravtsovka kəndi ərazisində görüntülənib. Sosial şəbəkələrdə yayılan kadrlarda bəbirin hərəkətdə olan avtomobilə məhəl qoymadan yol kənarı ilə sakitcə addımladığı görünür.
Qeyd edək ki, cəmi iki həftə əvvəl yolun məhz bu hissəsində avtomobil başqa bir nadir bəbiri vurmuşdu və oxşar faciəvi hadisələr 2015-ci və 2017-ci illərdə də qeydə alınmışdı.
Bundan başqa, son günlər Rusiya yollarında vəhşi heyvanların iştirakı ilə digər təhlükəli insidentlər də baş verib. Belə ki, Moskva vilayətində sığın avtomobil yoluna çıxaraq iki ağır qəzaya səbəb olub; ilk toqquşma zamanı heyvanın qopan buynuzu avtomobilin salonuna düşüb və şüşə qırıntıları sürücünün gözünə dolub, daha sonra isə yolda qalan heyvanın cəsədinin üzərindən keçən ikinci avtomobil aşıb. Həmçinin Primorye diyarında bir pələngin də yola çıxaraq insanların qarşısına gəlməsi şahidlər tərəfindən lentə alınıb.
