Dünyanın bütün gölləri eyni cür dəyişir: Alimlərdən böyük təhlükə barədə xəbərdarlıq


Dünyanın müxtəlif bölgələrində yerləşən göllər getdikcə bir-birinə bənzəyir. Bu proses onların qlobal ekoloji dəyişikliklərin təsirlərini yumşaltmaq qabiliyyətini zəiflədir və planet üçün yeni təhlükələr yaradır.
Publika.az xəbər verir ki, bu qənaətə Çin Elmlər Akademiyasının Nankin Coğrafiya və Limnologiya İnstitutunun professor Çjan Ke rəhbərlik etdiyi alimlər qrupu gəlib. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Göllərin ekoloji tarazlığı pozulur
Alimlərin sözlərinə görə, göllər Yer səthinin 2 faizindən azını əhatə etsə də, karbon və qida maddələrinin dövranında, eləcə də biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır.
Əvvəllər göl ekosistemləri bir-birindən nisbətən müstəqil şəkildə dəyişirdi. Yerli su hövzələrinin xüsusiyyətləri hər bir gölə ekoloji dəyişikliklərə fərqli reaksiya verməyə imkan yaradırdı. Bu müxtəliflik təbii qoruyucu mexanizm rolunu oynayır, bir bölgədəki ekoloji pozuntuların digər ərazilərə eyni vaxtda təsir göstərməsinin qarşısını alırdı.
İqlim dəyişiklikləri təhlükəni artırır
Tədqiqatçılar göllərin dibindəki çöküntüləri və təxminən 2000 göl üzrə peyk müşahidələrini təhlil ediblər. Nəticələr göstərib ki, 2000-ci ildən etibarən müxtəlif göllərdə ekoloji dəyişikliklərin eyni vaxtda baş verməsi xeyli artıb.
Bu prosesə istilik dalğaları kimi ekstremal iqlim hadisələri, eləcə də sosial-iqtisadi amillər təsir göstərir.
Alimlər xüsusilə fitoplankton biokütləsinin və suyun şəffaflığının dəyişməsini araşdırıblar. Bu göstəricilər göllərin ekoloji vəziyyətini əks etdirir. Onların getdikcə daha çox uyğunlaşması karbon və qida maddələrinin dövranında, həmçinin biomüxtəliflikdə də oxşar dəyişikliklərin baş verdiyini göstərir.
Tədqiqatın rəhbəri Çjan Ke hesab edir ki, göllərin ekoloji dalğalanmaları yumşaltmaq qabiliyyətini itirməsi onları qlobal risklərin gücləndiricisinə çevirə bilər. Dəyişikliklərin çoxsaylı su hövzələrində eyni vaxtda baş verməsi istixana qazlarının genişmiqyaslı emissiyasına və suda oksigen çatışmazlığına səbəb ola bilər. Bu isə su canlılarının həyatı üçün ciddi təhlükə yaradır.
Alimlər göllərin qorunması üçün yeni yanaşma təklif edir
Tədqiqat müəllifləri hesab edirlər ki, mövcud su ehtiyatlarının mühafizəsi strategiyaları göl ekosistemləri arasındakı qarşılıqlı əlaqələri kifayət qədər nəzərə almır.
Onlar hər bir gölə ayrıca yanaşmaq əvəzinə, bir-biri ilə əlaqəli su hövzələrinin vahid dinamik sistem kimi idarə olunmasını təklif edirlər.
Bu məqsədlə alimlər planetar əhəmiyyətli strateji göl əraziləri konsepsiyasını hazırlayıblar. Bu yanaşma ekosistem dəyişikliklərinin xüsusilə eyni vaxtda baş verdiyi bölgələri müəyyənləşdirməyə və onların qorunması üçün əlaqələndirilmiş tədbirlər görməyə imkan verəcək.
Tədqiqatçıların əsas məqsədi bütün göllərdə dəyişikliklərin eyni vaxtda baş verməsinin qarşısını almaq deyil. Əsas məsələ yerli ekosistemlərin fərqli reaksiyalar vermək qabiliyyətini qorumaqdır. Alimlərin fikrincə, məhz bu müxtəliflik planetin ümumi ekoloji dayanıqlığını təmin edən mühüm amillərdən biridir.
Müəllif: Adəm
Dərc vaxtına görə
Publika.azoxuduğunuz
Dünyanın bütün gölləri eyni cür dəyişir: Alimlərdən böyük təhlükə barədə xəbərdarlıq
