Dünyada ilk: Bu binalarda istimə sisteminə və kondisionerə ehtiyac olmayacaq


19.11.2026
18:06
Fransanın daşınmaz əmlak şirkəti “Nexity” isitmə və kondisioner sistemlərindən istifadə etmədən daxili temperaturu 20-26 dərəcə arasında saxlaya bilən yeni yaşayış binasını təqdim edib.
ERAmedia xəbər verir ki, Fransada ilk dəfə tətbiq olunan bu layihə enerji sərfiyyatını və karbon emissiyalarını azaltmaq məqsədi daşıyır.
Demək olar ki, brutalist memarlıq üslubunda inşa edilən ağ rəngli, kub formalı bina Lion şəhərinin sürətlə yenilənən Confluence rayonunda yerləşir. Nexity və Avstriyanın Baumschlager Eberle memarlıq şirkətinin birgə layihəsi olan yeddi mərtəbəli binada 23 mənzil var.
“22-26” adlandırılan layihənin əsas məqsədi ilin müxtəlif fəsillərində mənzillərdə rahat temperaturu əlavə isitmə və soyutma sistemləri olmadan qorumaqdır. Binanın qışda daxili temperaturu 20-22, isti hava dalğaları zamanı isə 26-28 dərəcə səviyyəsində saxlamaq üçün layihələndirildiyi bildirilir.
Avstriyalı memar Ditmar Eberle enerji və iqlim böhranına alternativ həll yolu kimi binanın istilik ətaləti prinsipinə əsaslanan layihəsini hazırlayıb. Bu texnologiya tikinti materiallarının istiliyi toplamaq və ehtiyac yarandıqda onu tədricən buraxmaq xüsusiyyətindən istifadə edir.
“Baumschlager Eberle” şirkətinin direktoru Anne Şpayxer Fransanın Vert media qurumuna açıqlamasında tikinti materiallarının seçilməsində onların enerjini saxlamaq və sonradan sərbəst buraxmaq qabiliyyətinin əsas götürüldüyünü bildirib.
Binanın konstruksiyasında içiboş keramika kərpiclərdən, betondan və əhəng suvağından istifadə olunub. Bu materiallardan hazırlanan çoxqatlı izolyasiya sistemi mənzillərdə mövcud istiliyin və sərinliyin qorunmasına kömək edir.
Layihənin diqqətçəkən xüsusiyyətlərindən biri divar və döşəmələrin qalınlığıdır. Fransada binaların divarlarının orta qalınlığı təxminən 30 santimetr olduğu halda, “22-26” layihəsində bu göstərici 61 santimetrə çatır. İkiqat boşluqlu kərpic və şüşə yun izolyasiyası binanın istilik itkisini minimuma endirməyə hesablanıb. Böyük ölçülü dərin pəncərə boşluqları isə mənzillərin birbaşa günəş şüalarından qorunmasına xidmət edir.
Binada avtomatlaşdırılmış havalandırma sistemi də quraşdırılıb. Hər mənzildə yerləşdirilən taxta lamellər temperatur, rütubət, havanın keyfiyyəti və hava şəraitinə uyğun olaraq avtomatik açılıb-bağlanır. Bununla yanaşı, sakinlər həmin sistemi özləri də idarə edə bilirlər.
“Nexity” şirkətinin açıqlamasına görə, mənzillərdəki istiliyin qorunmasında yalnız tikinti materialları deyil, sakinlərin özləri və gündəlik fəaliyyətləri də mühüm rol oynayır. Yemək bişirmək, duş qəbul etmək və elektrik cihazlarından istifadə zamanı yaranan istilik də mənzillərin daxilində saxlanılır.
Şirkətin baş direktoru Veronik Bedagenin sözlərinə görə, layihə enerji xərclərini 80 faizədək azaltmaq potensialına malikdir. Üçotaqlı mənzildə yaşayan hər bir sakinin ildə təxminən 380 avro qənaət edə biləcəyi proqnozlaşdırılır.
Bununla belə, mənzillər Fransa qanunvericiliyinin tələblərinə uyğun olaraq ehtiyat isitmə cihazları və iki axınlı mexaniki havalandırma sistemi ilə də təchiz edilib. Bu cihazlar yalnız ekstremal hava şəraitində və ya mənzil uzun müddət boş qaldıqda işə salınacaq.
Nexity şirkəti layihənin istilik komfortu ilə bağlı enerji istehlakını 73 faiz, 50 il ərzində karbon emissiyalarını isə 65 faiz azaltmasını gözləyir. Şirkət binanın şəhərin istilik şəbəkəsinə qoşulması və digər texniki həllərin tətbiqi səbəbindən tikinti xərclərinin 15 faiz artdığını da açıqlayıb.
Avstriyanın Baumschlager Eberle şirkəti bu konsepsiya əsasında İsveçrə və Almaniyada artıq iki bina inşa edib. Liondakı layihə isə Fransada ilk nümunədir.
Lakin layihənin geniş miqyasda tətbiqi iqtisadi baxımdan suallar doğurur. Lion Metropoliyasının ekoloq üzvü Renaud Payre “Vert” nəşrinə açıqlamasında yüksək material xərcləri və mürəkkəb avtomatlaşdırma sistemlərinin bu modelin kütləvi tikintidə istifadəsini çətinləşdirdiyini bildirib.
Onun fikrincə, “22-26” layihəsi daha çox davamlı yaşayış konsepsiyasının nümayişi və yerli tikinti təchizat zəncirinin inkişafı üçün nəzərdə tutulmuş nümunədir. Payre mövcud binaların enerji səmərəliliyini artırmaq üçün ən effektiv yolun onların yenilənməsi olduğunu vurğulayıb.
Bununla yanaşı, yeni texnologiyaya maraq digər şəhərlərdə də artmaqdadır. “Nexity” şirkəti Paris yaxınlığındakı La Qaren-Kolomb şəhərində oxşar layihəni 2028-ci ildə başa çatdırmağı planlaşdırır. 80 mənzildən ibarət olacaq həmin bina konsepsiyanın real şəraitdə nə dərəcədə effektiv olduğunu qiymətləndirməyə imkan verəcək.
Mələk Onur
1 mənbə
