Yeni Azərbaycan Partiyası: tarixi zərurətdən siyasi reallığa


Azərbaycanın müasir siyasi tarixində elə əlamətdar tarixlər vardır ki, onlar yalnız bir günün deyil, bütöv bir tarixi mərhələnin başlanğıcını ifadə edir. 21 noyabr da belə əlamətdar günlərdən biridir. Məhz 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş və Azərbaycanın siyasi həyatında mühüm hadisənin əsası qoyulmuşdur. 2026-cı il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü tamam olur.
Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi mürəkkəb və ziddiyyətli bir dövrə təsadüf edirdi. Ölkədə siyasi və iqtisadi böhran, ictimai-siyasi qeyri-sabitlik hökm sürür, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ciddi çağırışlarla üz-üzə qalırdı. Belə bir tarixi şəraitdə Azərbaycanın gələcəyinə görə narahatlıq keçirən ziyalılar və müxtəlif ictimai təbəqələrin nümayəndələri ölkəni bu ağır vəziyyətdən çıxara biləcək siyasi qüvvənin formalaşdırılmasını zəruri hesab edirdilər.
1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısı Ümummilli Lider Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasına və ona rəhbərlik etməsinə çağırış etdi. “91-lər”in müraciəti kimi tarixə düşən bu təşəbbüs Azərbaycanın siyasi həyatında mühüm mərhələnin başlanğıcı oldu. Heydər Əliyev oktyabrın 24-də müraciətə müsbət cavab verərək belə bir partiyanın yaradılmasının tarixi zərurətdən irəli gəldiyini bildirdi. Bu müraciətdən sonra partiyanın yaradılması istiqamətində hazırlıq işlərinə başlanıldı. Təsis konfransının Bakı şəhərində keçirilməsinə imkan verilmədiyindən, Azərbaycanın müxtəlif bölgələrini təmsil edən təşəbbüs qrupunun nümayəndələri Naxçıvanda toplandılar. Nəhayət, 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Azərbaycanın müxtəlif bölgələrindən nümayəndələr iştirak etdilər, partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi. Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının sədri seçildi.
Beləliklə, Yeni Azərbaycan Partiyasının siyasi tarix səhnəsinə çıxışı Azərbaycanın müstəqillik tarixinin mühüm hadisələrindən birinə çevrildi. Partiyanın qarşısında duran əsas məqsədlər dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, demokratik və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi, sosial yönümlü iqtisadi siyasətin həyata keçirilməsi və xalqın rifahının yüksəldilməsi kimi mühüm istiqamətləri əhatə edirdi. Yeni Azərbaycan Partiyasının tarixindən danışarkən, ilk növbədə, onun yaradıcısı və ilk sədri, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və xalq arasında böyük nüfuzu partiyanın qısa müddət ərzində təşkilatlanmasına və geniş ictimai dəstək qazanmasına mühüm təsir göstərdi.
Partiyanın yaranmasından sonra ölkənin müxtəlif bölgələrində rayon və şəhər təşkilatlarının yaradılması prosesi sürətlə davam etdi. 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Bu hadisə partiyanın hüquqi-siyasi fəaliyyətinin daha geniş miqyasda həyata keçirilməsi üçün mühüm mərhələ oldu.
1993-cü ilin mürəkkəb siyasi hadisələri fonunda Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtması və sonrakı siyasi proseslər Azərbaycanın tarixində yeni mərhələnin başlanmasına səbəb oldu. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, həmin ilin oktyabrında isə Prezident seçilməsi ölkənin siyasi həyatında mühüm dönüş kimi qiymətləndirilir.
Dövlətçilik və milli birlik ideyasıYeni Azərbaycan Partiyasının fəaliyyətində dövlətçilik, milli birlik və azərbaycançılıq ideyaları mühüm yer tutur. Partiyanın proqram sənədlərində müstəqillik, dövlətçilik, qanunun aliliyi, sosial ədalət, insan amili, milli və mənəvi dəyərlərin qorunması, demokratik ənənələrin inkişafı kimi istiqamətlər xüsusi vurğulanır.
Ötən 34 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş verib. Bu dövrdə dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Azərbaycanın son illərdə qazandığı mühüm tarixi nailiyyətlər sırasında 2020-ci ildə əldə olunan Zəfər xüsusi yer tutur. Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması xalqımızın yaddaşında əbədi yaşayacaq tarixi hadisəyə çevrilib. Bu Zəfər Azərbaycan xalqının milli birliyini, dövlət-xalq-ordu həmrəyliyini və güclü dövlətçilik iradəsini nümayiş etdirdi.
Dünənin, bu günün və gələcəyin partiyası - 34 illik tarix Yeni Azərbaycan Partiyasının müxtəlif siyasi mərhələlərdən keçdiyini göstərir. Partiyanın yaranması ilə qarşıya qoyulan məqsədlər zamanın tələblərinə uyğun olaraq yeni istiqamətlərlə zənginləşib. Bu baxımdan YAP-ın siyasi fəaliyyəti Azərbaycanın müasir tarixinin mühüm səhifələrindən biri kimi qiymətləndirilir. Bu gün Yeni Azərbaycan Partiyası özünü “dünənin, bu günün və gələcəyin partiyası” kimi təqdim edir. Partiyanın rəsmi proqramında onun inkişaf yolu və qarşısında duran əsas məqsədlər dövlətçilik, milli maraqlar və ölkənin gələcək inkişafı kontekstində müəyyənləşdirilir.
Partiyanın 34 illik yubileyi Azərbaycanın müasir siyasi tarixinin mühüm bir mərhələsinə nəzər salmaq, ötən illərdə görülən işləri dəyərləndirmək və gələcək hədəfləri müəyyənləşdirmək baxımından əlamətdar hadisədir. 21 noyabr – Yeni Azərbaycan Partiyasının yaranma günü münasibətilə bu əlamətdar tarix bir daha xalqımızın siyasi yaddaşında mühüm günlərdən biri kimi qeyd olunur. Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yeri olan bu tarix həm keçmişə nəzər salmaq, həm də gələcəyə inamla baxmaq üçün bir fürsətdir. 21 noyabr – 34 il əvvəl Naxçıvanda başlayan siyasi yolun tarixə yazılmış günüdür.
Ruziyyə Rzayeva
YAP Naxçıvan şəhər təşkilatı “Həsən Əliyev küçəsi 4” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, NDU nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi